Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində ölkənin ən yaşlı sakininin kimliyi açıqlanıb.
İnstitutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə bildirib ki, həmin şəxs Lənkəran rayonunun 104 yaşlı sakini Vəsmə Abbasovadır:
"Laboratoriyamızın təsdiqlənmış dəlillərinə görə, ölkəmizin ən yaşlı sakini Lənkəran rayonunda 104 yaşlı Vəsmə Abbasovadır. Pasportla onun 106 yaşı var. Amma dəqiqləşdirilmiş məlumatlara görə, əslində həmin qadının 104 yaşı var. V.Abbasovanın 7 övladı, 25 nəvəsi, 27 nəticəsi, 5 kötükcəsi var. Ailədə 65 adam yaşayır və onların hamısını yaxşı tanıyır. Özünü idarə edir, iş də görür. Zəif gördüyünə görə tikişlə məşğul ola bilmir. V.Abbasovanın anası və bacıları da 90 ildən çox yaşayıblar. V.Abbasova heç vaxt ağır şəkildə xəstələnməyib. Dərman qəbul etməyib. İldə 2 dəfə həkimlərin nəzarəti ilə vitamin müalicəsi qəbul edir".