Bakı. Trend:
Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində tədbir keçirib.
Baş konsulluqdan Trend-ə verilən məlumata görə, universitetin nəzdində fəaliyyət göstərən “Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırma Mərkəzi”ndə təşkil olunmuş tədbirdə universitetit müəllim və tələbə heyəti, Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli-mədəni mərkəzinin fəalları, yerli televiziya və mətbuat nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan universitetin prorektoru, filologiya elmləri doktoru Güljan Saqidevna Carasova Heydər Əliyevin haqqında tədbir iştirakçılarına məlumat verərək, onun Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında əhəmiyyətli rolu, iki qardaş xalqı arasında əlaqələrin möhkənləndirilməsi, 90-cı illərin əvvəlində müstəqilliyini yenicə əldə etmiş hər iki dövlət üçün zəruri olan qarşılıqlı dəstəyin həyata keçirilməsi sahəsində apardığı siyasət haqqında danışıb.
Prorektor Heydər Əliyevin adı ilə bağlı Baş konsulluq tərəfindən Qazaxıstanın qərb vilayətlərində fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsində, o cümlədən X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində təhsil alan tələbələrə bir dəfəlik təqaüdələrin verilməsini yüksək qiymətləndirərək, təqaüd almış hər bir tələbə üçün həyatının önəmli nailiyyətlərindən olduğunu bildirib.
Sonra Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində gördüyü əvəz olunmaz xidmətlərindən danışıb. Baş konsul çıxışında, artıq altıncı il təqdim olunan təqaüdün qaliblərinin universitet rəhbərliyi ilə Baş konsulluq arasında universiteti əla oxuyan, özlərində liderlik xüsusiyyətləri daşıyan tələbələri arasından seçildiyini qeyd edib.
Daha sonra, Atırau vilayətində yaşayan azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyətinin sədri Eldar Əhmədov çıxış edərək, ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan, habelə bu sahədə aparılmış və hazırda davam etdirilən siyasət barədə danışıb.
Çıxışlardan sonra universitetin müxtəlif fakültələrindən seçilmiş beş tələbəyə Heydər Əliyev təqaüdünə layiq görülməsi haqqında sertifikatlar, ölkəmizin tarix və mədəniyyətini əks etdirən suvenirlər, Baş konsulluq tərəfindən nəşr etdirilmiş “İki xalq – bir tale” kitabları, həmçinin Atırau vilayətindən fəaliyyət göstərən azərbaycanlı iş adamlarının maliyyə dəstəyi ilə hər bir tələbəyə 75 min tənqə məbləğındə təqaüd təqdim edilib.
Təltiflərdən sonra Heydər Əliyev təqaüdünə layiq görülmüş tələbələr çıxış edərək, öz münnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.