...

UNEC-in tələbə və müəllimləri beynəlxalq mübadilə proqramlarında (FOTO)

Cəmiyyət Materials 12 May 2017 11:49 (UTC +04:00)

Bakı. Trend:

UNEC 2016/17-ci tədris ilində Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində Avropanın 12, Türkiyə Respublikası Hökumətinin maliyyələşdirdiyi “Mevlana” proqramı üzrə isə qardaş ölkənin 40-dan universiteti ilə tələbə və müəllim mübadiləsi imkanları təklif edir.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, son dörd ildə UNEC-də təqdim olunan beynəlxalq mübadilə proqramlarında iştirak hüququ qazanan tələbələrin sayı 6 dəfəyə yaxın, müəllimlərin sayı isə 4 dəfədən çox artıb.

Bu tədris ilində UNEC-in ümumilikdə 72 tələbəsi mübadilə proqramlarından faydalanıb. Bu, 2013/14-cü tədris ilindəki müvafiq göstəricidən 4 dəfə çoxdur. Onlardan 28 tələbə “Erasmus+” proqramı çərçivəsində Böyük Britaniyanın Lester Universiteti, Rumıniyanın Babeş-Bolyai Universiteti, Türkiyənin Anadolu və Orta Doğu Texniki Universitetləri, Fransanın CEFAM və Montpellier Universitetləri, Niderlandın Vrije Amsterdam Universiteti, Polşanın Lodz Universiteti və Litvanın Mikolos Romeris Universitetində bir və ya iki semestr təhsil almaq üçün seçilib. İlk dəfə olaraq, “Erasmus+” proqramı çərçivəsində Almaniya, Rumıniya və Türkiyədən olan 6 tələbə UNEC-də bir semestr təhsil alıb.

UNEC-in 6 bakalavrı və 1 magitri “Mevlana” proqramı çərçivəsində Türkiyənin YÖK (Yüksek Öğretim Kurulu) təqaüdünü qazanaraq, Gazi, Sakarya, Anadolu, İstanbul Aydın və İzmir Katip Çelebi Universitetlərində mübadilədə iştirak ediblər. Eyni zamanda, “Mevlana” proqramı çərçivəsində İstanbul Universitetinin 1 tələbəsi UNEC-də bir semestr təhsil alıb.

“Erasmus+” proqramı çərçivəsində UNEC-in 21 professor, müəllim və inzibati heyət üzvü Fransanın CEFAM Universitetində, Polşanın Poznan İqtisad və Biznes Universitetində, Türkiyənin Anadolu Universitetində, Rumıniyanın Babes-Bolyai Universitetində və Macarıstanın Dunaújváros Universitetində mühazirələr oxumaq və təcrübə mübadiləsində iştirak etmək üçün dəvət alıb. Bu, UNEC tarixində rekord göstəricidir.

Həmçinin tədris ilində “Erasmus+” proqramı çərçivəsində Fransanın CEFAM və Montpellier Universitetlərinin, Polşanın Poznan İqtisad və Biznes Universitetinin, Macarıstanın Dunaújváros Universitetinin və Litvanın Mikolos Romeris Universitetinin 10 professor, müəllim və inzibati heyət üzvü UNEC-də mübadilədə iştirak edib. Onlar oxuduqları mühazirələrlə UNEC-in tədris prosesinə aktiv qoşulub, UNEC müəllim, tələbə və inzibati heyət üzvlərinin iştirak etdiyi dəyirmi masalara qatılıblar. Ümumilikdə, son iki il ərzində “Erasmus+” proqramı çərçivəsində Avropanın müxtəlif ölkələrinin 20-dən artıq əməkdaşı UNEC-də “qonaq professor” qismində səfərdə olub.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti