...

Brüsseldə 28 May - Respublika Günü münasibəti ilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2017 10:50 (UTC +04:00)
28 May - Respublika Günü Azərbaycanın milli təqvimində ən mühüm dövlət bayramlarından biridir.
Brüsseldə 28 May - Respublika Günü münasibəti ilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

28 May - Respublika Günü Azərbaycanın milli təqvimində ən mühüm dövlət bayramlarından biridir. 1918-1920-ci illərdə 23 ay ömür sürmüş Azərbaycan Demokratik Respublikası (ADR) müsəlman şərqində yaradılmış və Avropa modeli üzərində qurulmuş ilk demokratik ölkə olmuşdur.

Belçika ADR-in müstəqilliyini de-fakto tanıyan ilk ölkələrdən biri olmuş və tez bir zamanda burada diplomatik nümayəndəlik yaratmışdır. Təəssüf ki, ADR-in uğuru qısa ömürlü olmuş və 1920-ci ildə ölkə Qızıl Ordu tərəfindən işğal edilmişdir.

Sovetlər Birliyinin süqutundan sonra, 1991-ci ildə Azərbaycan yenidən müstəqillik qazanmışdır. Həmin ilin 31 dekabr tarixində Belçika Krallığı rəsmi şəkildə ADR-in varisi olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. 1992-ci il 20 fevral tarixində iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur.

Respublika Günü və Belçika-Azərbaycan münasibətlərinin 25 illiyinə həsr olunan tədbir 30 may tarixində Brüsselin mərkəzində yerləşən BOZAR- çoxşaxəli incəsənət mərkəzində baş tutmuşdur. Azərbaycanın Belçika və Avropa İttifaqı yanında missiyası, Azərbaycanın NATO-dakı Missiyası, eləcə də Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisi ilə birgə təşkil edilmiş bu tədbirdə 300-ə yaxın diplomat, ölkəmizin dostları və diasporamızın fəalları iştirak etmişdir.

Azərbaycanın Belçika Krallığındakı səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov tədbir iştirakçıları qarşısında çıxış etmişdir. O, demişdir: “99 il bundan əvvəl 1918-ci il 28 may tarixində Azərbaycan öz müstəqilliyini elan etmişdir. Bu, şərqdə yaranan ilk demokratik respublika olmuşdur. Tarixi hadisələr baxımından bu çox maraqlı bir dövr idi. Burada müsəlman, yəhudi, katolik və pravoslav xristyanlar birgə, qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayırdı. Ölkə azərbaycanlı, rus, erməni, ukraynalı, tatar və digər millətlərin dogma evi olmuşdur.

Biz bu axşam konsert təşkil etmək qərarına gəldik. Ona görə ki, musiqi bütün insanların ən effektli şəkildə anladığı bir dildir. Mən Avropa Azərbaycan Cəmiyyətinin Benelüks Ofisinə bu tədbirin təşkilində göstərdikləri dəstəyə görə xüsusi təşəkkürümü bildirmək istəyirəm.”

Belçika Xarici İşlər Nazirliyinin ikitərəfli münasibətlər üzrə baş Direktoru Anik Van Kalster: “Bugünkü tədbir musiqili olacaqdır. Belə ki, bu insanlar arasında ünsiyyət qurmağın mükəmməl yoludur. Musiqi mükəmməl açıqlıq, azadlıq, ünsiyyət və yaradıcılıq vektorudur. BOZAR mərkəzinin inşasına səbəb olan əhval-ruhiyyə təqribən eyni zamanda Bakıda da mövcud idi və həmin dövr müəmmalı məşhur Qurban Səidin “Əli və Nino” əsərində təsvir edilir. Azərbaycan keçmiş Sovet İttifaqı respublikaları arasında Belçika ilə diplomatik münasibətlər quran ilk ölkələrdən biri olmuşdur.

Tədbirin musiqili bölməsində Belçikada yaşayan azərbaycanlı pianoçu Nəzrin Əfəndiyeva belçikalı bəstəkar Yolande Uyttenhovenin “Chiron” və babası, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun bəstələdiyi “Vals” simfonik əsərlərini ifa etmişdir.

Respublika Gününə həsr olunan qəbul pianoçu Salman Qəmbərovun rəhbərlik etdiyi “Bakustik” Caz qrupunun konserti ilə yekunlaşmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti