Bakı. İlhamə İsabalayeva - Trend:
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası hamiləlik zamanı sağlam olduğu, lakin keysəriyyə əməliyyatı ilə doğulduqdan sonra öldüyü iddia edilən, öldükdən sonra uşağın meyitinin valideynlərinə verilməməsi və uşağın 7 körpə ilə birlikdə qəbiristanlıqda bir yerdə dəfn olunmasına münasibət bildirib.
Xəstəxananın baş həkiminin müavini Mahir Babayev Trend-ə bildirib ki, şikayət edən 37 yaşlı Günay Axundova xəstəxanaya çox ağır vəziyyətdə daxil olub: "Onun böyrək problemləri, qan azlığı olub. Uşaq yarımçıq doğulub. Ananı kritik vəziyyətdən xilas etmişik. Ana reanimasiyada yatıb. Ona uşağının ölməyi barədə məlumat verilmişdi”.
M.Babayev qeyd edib ki, aprelin 7-də rəhmətə getmiş uşağın meyiti həmin gün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib: “Valideynlər gedəndə uşağın meyitini aparmayıblar. Buna görə də uşaq rəsmi qaydada - aktla, protokolla dəfn edilib”.
M.Babayev qeyd edib ki, valideynin xəstəxanadan çıxan zaman uşağın meyitini hansı səbəbdən aparmaması barədə fikir yürüdə bilməz: “Bununla bağlı heç nə deyə bilmərəm".
M.Babayevin sözlərinə görə, bu məsələ hüquq-mühafizə orqanları və məhkəmə tərəfindən araşdırılıb və şikayətçinin iddiasının əsassız olduğu tam təsdiqini tapıb.
Hazırda bu işə Apelyasiya Məhkəməsi tərəfindən baxıldığını deyən baş həkimin müavini qeyd edib ki, qəbiristanlıqda 7 uşağın birlikdə basdırılması məsələsinə münasibət bildirə bilməz:
“Bu məsələ bizlik deyil. Uşaq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Belə kimsəsiz şəxslər qolunda yazı ilə dəfn edilir”.