...

Dövlət Komitəsi Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb

Cəmiyyət Materials 8 Avqust 2017 18:43 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb.
Dövlət Komitəsi Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb

Bakı. Trend:

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb.

Komitədən Trend-ə verilən məlumata görə, bəyanatda bildirilir ki, 1994-cü ildən atəşkəs rejiminin elan olunmasına baxmayaraq, bu müddət ərzində Ermənistan dəfələrlə Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə birbaşa və qəsdən hücum edib, qadınları, uşaqları amansızlıqla qətlə yetiriblər:

"Ötən dövrdə 33 uşaq erməni terrorunun qurbanı oldu. Onlardan on dördü həlak olub, on doqquzu isə yaralanıb. Çox təəssüflər olsun ki, bu gün həmin uşaqların sırasına yaralanan Yusifov Ramil də əlavə olundu. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonunun Qaralar kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ağır yaralanıb. Bu bir daha vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini sübut edir. Biz növbəti dəfə hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə, Avropa Şurasının, ATƏT-in, digər beynəlxalq təşkilatlarının qəbul etdikləri sənədlərə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik. Biz bir daha dünya ictimaiyyətinin bu hərbi münaqişənin ədalətli həllinə diqqət yetirmələrini tələb edirik".

Qeyd edək ki, Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti