...

ƏƏSMN-in "Çağrı mərkəzləri" 10,6 mindən çox müraciət cavablandırıb

Cəmiyyət Materials 5 Oktyabr 2017 14:31 (UTC +04:00)
Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzləri” tərəfindən 10,6 mindən çox müraciət cavablandırılıb.
ƏƏSMN-in "Çağrı mərkəzləri" 10,6 mindən çox müraciət cavablandırıb

Bakı. Trend:

Cari ilin sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 və 190 - “Çağrı mərkəzləri”nə əvvəlki avqust ayı ilə müqayisədə 10,6 % az olmaqla, 10 628 müraciət daxil olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, vətəndaşlar sosial təminat növləri, əmək qanunvericiliyi, sosial sığorta münasibətləri, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, nazirliyin elektron xidmətlərindən istifadə və s. məsələlərlə əlaqədar müraciət ediblər. Hər bir müraciət nazirliyin mütəxəssisləri tərəfindən operativ şəkildə cavablandırılıb. Müraciətlərin 95,2 faizi sorğu xarakterli olub və həmin müraciətlərlə bağlı vətəndaşlara qanunvericiliyin müvafiq maddələri üzrə hüquqi izahatlar verilib. Digər müraciətlər isə nazirliyin müvafiq struktur bölmələrində araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

142 - “Çağrı mərkəzi” vasitəsilə vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün etdikləri müraciətlərə baxılmasının cari vəziyyəti, həmçinin əlilliyin və sağlamlıq imkanları məhdudluğun qiymətləndirilməsinin nəticəsi barədə də məlumat öyrənə bilirlər. Belə ki, bu “Çağrı mərkəzi”nə zəng etdikdən sonra 0 düyməsi və 2 düyməsi yığılır, şəxsiyyət vəsiqəsinin nömrəsi, sosial yardımın alınması üçün notarial qaydada təsdiq edilmiş ərizənin nömrəsinin sonuncu 4 rəqəmi daxil edilir. Bundan sonra sosial yardımın alınması üçün edilmiş müraciətə baxılmasının cari vəziyyəti barədə məlumat əldə olunur. Əlilliyin və ya sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsinin nəticəsinə dair məlumat öyrənmək üçün isə 142 - “Çağrı mərkəzi”nə zəng edildikdən sonra 0 düyməsi və sonra 1 düyməsi yığılır, avtomatik rejimdə şəxsiyyət vəsiqəsinin nömrəsi və doğum tarixi daxil edilir. Eyni zamanda, 190-“Çağrı mərkəzi” əmək pensiyası hüququ yaranan hər bir vətəndaşa bu hüququnu avtomatlaşdırılmış qaydada, yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə reallaşdırmaq imkanı verir.

Ümumilikdə, cari ilin yanvar-sentyabr aylarında ƏƏSMN-in “Çağrı mərkəzləri” tərəfindən 105 854 müraciətin cavablandırılması təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti