...

Azərbaycanda sərnişinlər daha çox hansı nəqliyyat vasitəsindən istifadə edir?

Cəmiyyət Materials 25 Oktyabr 2017 22:10 (UTC +04:00)
Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2017-ci ilin yanvar-sentyabr aylarında 167,5 milyon ton yük və 1 milyard 437,5 milyon sərnişin daşınıb.
Azərbaycanda sərnişinlər daha çox hansı nəqliyyat vasitəsindən istifadə edir?

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2017-ci ilin yanvar-sentyabr aylarında 167,5 milyon ton yük və 1 milyard 437,5 milyon sərnişin daşınıb.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,8 faiz, sərnişin daşınması isə 2,2 faiz artıb. Yüklərin 63,9 faizi avtomobil, 26,1 faizi boru kəməri, 6,3 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 107,2 milyon ton yük, 1 milyard 267,1 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 faiz və 1,7 faiz artım qeydə alınıb. Sərnişinlərin 96,1 faizi avtobus, 3,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,1 faiz, sərnişin dövriyyəsi isə 1,8 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 5,7 faiz artaraq 166,7 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 1 milyon 846,5 min və ya 18,4 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 7,1 faiz artaraq 120,6 min tona çatıb.

Dəmir yolu nəqliyyatı ilə 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 10,5 milyon ton yük, 1,8 milyon sərnişin daşınıb, 2016-cı ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 6,7 faiz azalma, sərnişin daşınmasında isə 27,9 faiz artım müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti