...

Məişət tullantıları arasında sənəd də tapılır, təhlükəli əşyalar da... (MÜSAHİBƏ)

Cəmiyyət Materials 4 Noyabr 2017 07:57 (UTC +04:00)
"Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasovun “Trend” İnformasiya Agentliyinə müsahibəsi
Məişət tullantıları arasında sənəd də tapılır, təhlükəli əşyalar da... (MÜSAHİBƏ)

Bakı. Samir Əli - Trend:

"Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasovun "Trend" İnformasiya Agentliyinə müsahibəsi

- Azərbaycanda tullantılar hansı üsulla yandırılır və yandırılma zamanı havaya nə qədər zərərli qaz buraxılır?

- Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ildə 500 min ton bərk məişət tullantısı yandırmaq gücünə malikdir. Tullantılar 850° C temperaturda yandırılır. Tullantılar yandırılarkən zəhərli qazlar ayrılır ki, həmin qazlar da xüsusi filtrlər sistemindən keçərək neytrallaşdırılır və atmosferə tam təhlükəsiz halda buraxılır. Tullantıların yandırılması prosesi tam avtomatlaşdırılıb.

- Tullantıların yandırılması nəticəsində hasil edilən elektrik enerjisi hara sərf edilir? Ümumiyyətlə, zavodda gün ərzində nə qədər tullantı yandırılır və ya nə qədər emal üçün çeşidlənir?

- İstehsal olunan elektrik enerjisinin 15%-ə qədəri daxili ehtiyaclar üçün (yəni zavodun istismarı) istifadə olunur, qalan 85% elektrik enerji isə dövlət enerji şəbəkəsinə ötürülür.

Sutka ərzində yandırılan tullantılar 1300-1630 ton təşkil edir. Çeşidləmə prosesi isə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda aparılır və burada gün ərzində 320-350 ton tullantı qəbul olunaraq çeşidlənir.

- Zavodun fəaliyyəti müasir standartlara cavab verirmi? Zavodun modernləşdirilməsi və gücünün artırılması ilə bağlı hansı işlər görülür?

- Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu Fransanın CNIM şirkəti tərəfindən layihələndirilib və inşa edilib. Zavodda tətbiq olunan texnologiya ətraf mühitə dost texnologiyadır. Bu zavod 4-cü nəsil (4G) texnologiyalarla təchiz olunub və Avropa İttifaqının ətraf mühitin mühafizəsi üzrə bütün tələblərə cavab verir.

- Tullantıların çeşidlənməsi zamanı hansı üsullardan istifadə edilir və daha çox hansı məhsullar təkrar emal üçün yararlı hesab olunur?

- Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu Almaniya istehsalı olan avadanlıqlarla təchiz olunub və burada yarımavtomat prinsipi tətbiq edilib. Tullantıların ayrılması zamanı əsasən əl əməyindən istifadə olunur. Əsasən qara və əlvan metal, karton və kağız məmulatları, şüşə və plastik butulkalar, alüminium və dəmir bankalar, plastmas və onun müxtəlif növləri, polietilen və sair çeşidlənərək təkrar emal müəssisələrinə göndərilir.

Tullantılar arasında əsasən karton, şüşə butulka, plastmas boru və digər məhsullar, metal boru və armatur, əlvan metal tərkibli məmulatlar və s. təkrar emal üçün istifadə olunur.

- İndiyədək tullantı çeşidlənən zaman nə qədər qiymətli əşya, partlayıcı maddə və silah-sursat aşkar edilib və təhvil verilib?

- Xatırladım ki, bu ilin mart ayında "Azərpoçt" MMC ilə "Təmiz Şəhər" ASC arasında "Poçtap" sosial layihəsi çərçivəsində əməkdaşlıq memorandumu imzalanıb. Bu sənədə əsasən, Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda tapılan sənədlər "Azərpoçt" MMC-yə təhvil verilir. İş prosesi zamanı bəzən tullantılar arasından adi tullantı olmayan əşyalar da tapılır. Cəmiyyətimiz ANAMA və digər qurumlarla müxtəlif müqavilələr imzalayıb. Təhlükəli əşyalar aşkar edildikdə zavoda müvafiq qurumların nümayəndələri dəvət olunur və həmin əşyalar onlara təhvil verilir.

- Balaxanı tullantı poliqonunda ərazi ekoloji və gigiyenik tələblərə nə dərəcədə cavab verir?

- Ötən əsrin 60-cı illərindən fəaliyyət göstərən Balaxanı poliqonu 2009-cu ildə "Təmiz Şəhər" ASC-nin balansına verilib. 120 hektar sahəsi olan poliqonda tullantıların düzgün yerləşdirilməsi nəticəsində ərazidə mütəmadi baş verən yanğınların mənbəyi aşkarlanıb və qısa müddətdə qarşısı alınıb. Poliqonun ərazisində təhlükəsizliyi təmin etmək məqsədi ilə mühafizə sistemi qurulub, poliqonda torpaqlama, hamarlama işləri aparılıb, ətraf ərazilərdə yaşıllıqlar salınaraq poliqonun görünüşü tamamilə dəyişib.

İqtisadiyyat Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi çərçivəsində Balaxanı Poliqonunda tullantıların beynəlxalq standartlara uyğun düzgün yerləşdirilməsi və basdırılması təmin edilib. Beynəlxalq sanitar normalara uyğun olaraq, poliqona gətirilən bərk məişət tullantıları xüsusi hücrələrə yerləşdirilir və hücrə dolduqdan sonra tullantıları ətraf mühitdən təcrid etmək məqsədilə üzəri geomembran və geotekstil qatlarla örtülür, üzərinə vegetativ torpaq səpilərək yaşıllıqlar yaradılır. Tullantılardan ayrılan çirkab sular xüsusi filtrlər vasitəsilə texniki suya çevrilərək suvarma işləri üçün istifadə edilir. Üzvi tullantıların çürüməsi nəticəsində əmələ gələn bioqazlardan isə xüsusi generator vasitəsilə elektrik enerjisi əldə olunur. Mühitin mühafizəsi məqsədi ilə poliqon ərazisində müəyyən olunmuş yerlərdə ildə 4 dəfə havadan, sudan və torpaqdan nümunələr götürülür və laboratoriyada analiz olunur. Sonuncu analizlərin nəticələrinə əsasən, ərazidə təsir parametrləri kəmiyyət baxımından xeyli yaxşılaşıb. Eyni zamanda, havaya atılan tüstü qazlarının miqdarı normalara uyğundur.

Bununla yanaşı, Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunda tullantı maşınlarının dezinfeksiya və yuyulmasını təmin edən 4 yuma kabinəsindən ibarət olan, beynəlxalq standartlara cavab verən məntəqə fəaliyyət göstərir. Məntəqə gün ərzində poliqon ərazisinə gələn 400-dən çox maşına xidmət göstərmək gücünə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti