...

Qadınlarla bağlı beynəlxalq kampaniyaya start verilib

Cəmiyyət Materials 24 Noyabr 2017 17:04 (UTC +04:00)
Qadınlarla bağlı beynəlxalq kampaniyaya başlanıldı
Qadınlarla bağlı beynəlxalq kampaniyaya start verilib

Bakı. İlhamə İsabalayeva -Trend :

ABŞ Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə (USAİD) Amerika Birləşmiş Ştatları, BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Beynəlxalq Miqrasiya Təşkilatı (İOM), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Diplomatik Missiya Rəhbərlərinin Həyat Yoldaşları Təşkilatı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ənənəvi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verib.

Trend -in məlumatına görə, açılış konfransında çıxış edən BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, gender əsaslı zorakılığın mənfi təsirini aradan qaldırmaq üçün dövlət qurumları və beynəlxalq inkişaf agentliklərinin əməkdaşlığı vacibdir: "Qadınlara qarşı zorakılıq onların sağlamlığına, təhsilinə və ictimai həyatda iştirak etməsinə təsir edir".

ABŞ səfirinin müavini Uilyam Gill qeyd edib ki, gender əsaslı zorakılıq təkcə qadınların və qızların sağlamlığına, ləyaqətinə, təhlükəsizliyinə təsir etmir. O, həm də bütün cəmiyyətləri təhdid edir: "Biz yalnız zorakılığa qarşı ayağa qalxdıqda və dözülməz olana artıq dözmədikdə zorakılığa son qoyula bilər. Bizim analarımız, bacılarımız, qızlarımız və qız dostlarımız tam qiymətləndirildikdə və onlar cəmiyyətdə tam şəkildə iştirak edə bildikdə zorakılıq bitə bilər".

Qeyd edək ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar “16 günlük kampaniya” kimi geniş şəkildə tanınan bu tədbir vasitəsilə hamını qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti