Bakı. Trend:
ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi "Regionlarda Məcburi Köçkün Gənclərin Vətəndaş Cəmiyyəti Quruculuğunda İştirakının Dəstəklənməsi" layihəsi çərçivəsində Ağdam rayonunda "Nə? Harada? və Nə zaman?" intellektual oyunu keçirilib.
Yarışma Ağdam Dövlət Sosial İqtisad Kollecinin tələbələrindən formalaşdırılmış otuz nəfərlik gənclər qrupunun BAMF-a təqdim etdikləri "Bumeranq" layihəsi çərçivəsində təşkil olunub.
Tədbirdə BAMF prezidenti Umud Mirzəyev, Ağdam Dövlət Sosial İqtisad Kollecinin direktoru Natiq Cavadov, Ağdam rayon İcra hakimiyyətinin İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Ziya Hümbətov iştirak edib. Oyunda Ağdam Dövlət Sosial İqtisad Kollecinin tələbələrindən təşkil olunmuş “Evrika”, “Şahinlər”, “İdrak”, “Sülh” və “Sənətkarlar” adlı beş komanda təmsil olunub. Yarışmada iştirak edən komandalara iki mərhələdə ümumilikdə otuz sual verilib. Münsiflər heyəti komandaların verdikləri doğru cavabların sayına əsasən on altı doğru cavabla “Şahinlər” komandasını qalib elan ediblər. Qeyd edək ki, Ağdam rayonunun tarixində ilk dəfə idi ki, rayonda intellektual bilik yarışı təşkil olunurdu.
"Regionlarda Məcburi Köçkün Gənclərin Vətəndaş Cəmiyyəti Quruculuğunda İştirakının Dəstəklənməsi" layihəsinin əsas məqsədi regionlarda məskunlaşmış məcburi köçkün gənclərin vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirakçılığını artırmaq üçün onların layihə təkliflərini maliyyələşdirməklə gənclərə dəstək olmaq və qeyri-formal təhsil metodu olan “Forum teatrlar” vasitəsilə cəmiyyətdə fəal iştirakçılığa cəlb etməkdir. Bu məqsədlə layihənin həyata keçirildiyi Bərdə, Tərtər və Ağdam rayonlarının hər birində iki layihənin maliyyələşdirilməsi və “Forum Teatrların” təşkili nəzərdə tutulub.