...

Bəzi ərazilərdə yaşıllıq sahəsinin azaldılmasına icazə veriləcək

Cəmiyyət Materials 10 Yanvar 2018 12:40 (UTC +04:00)
Yarımsəhra zonasında ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20-30 faiz azaldıla, çöl və meşə-çöl zonasında isə 10-20 faiz artırıla bilər.
Bəzi ərazilərdə yaşıllıq sahəsinin azaldılmasına icazə veriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Yarımsəhra zonasında ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20-30 faiz azaldıla, çöl və meşə-çöl zonasında isə 10-20 faiz artırıla bilər.

Trend-in məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normaları"nda öz əksini tapıb.

Normalara görə, meşələrin əhatəsində, iri çay və su hövzələrinin sahil zonalarında yerləşdirilən orta və kiçik şəhərlərdə, qəsəbə və kənd yaşayış məskənlərində ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsinin 20 faizdən çox olmayaraq azaldılması mümkündür. Sənaye müəssisələri tikintisinin layihələndirilməsi zamanı yaşıllıq sahəsinin xüsusi çəkisi istehsalatın təyinatından asılı olaraq tənzimlənməlidir. Əhalinin məskunlaşma ərazisi tərəfdən sanitariya-mühafizə zonasının eni 100 metrədək olduqda, eni 20 metr və 100 metrdən çox olduqda isə 50 metr ağac-kol bitkilərindən ibarət arasıkəsilməz yaşıllıq zolağının salınması nəzərdə tutulmalıdır. Ətraf mühitin mövcud vəziyyəti (atmosferin fon çirklənmə səviyyəsi, ərazinin relyefi, istehsalatın xüsusiyyətləri, meteoroloji amillər və s.) nəzərə alınaraq sanitariya-mühafizə zonasının eni dəyişdirilə bilər.

Yaşayış məntəqələrində küçə və prospektlərin layihələndirilməsi zamanı bir adama düşən yaşıllıq norması çox iri, iri və böyük şəhərlərdə 5 kvadratmetr, orta şəhərlərdə 4 kvadratmetr, digər yaşayış məntəqələrində isə 3 kvadratmetr olmalıdır. Əhalinin ümumi istifadəsində olan yaşıllıq sahələrindən, sanitariya-mühafizə zonalarının ölçülərindən, təbii iqlim və yerli şəraitin digər xüsusiyyətlərindən asılı olaraq tingliklərin (şitilliyin) sahəsi adambaşına 0,2-0,4 kvadratmetr təşkil etməlidir.

Normalara görə, əhalisinin sayı bir milyondan çox olan şəhərlər çox iri, 250 mindən bir milyonadək olan şəhərlər iri, 100 mindən 250 minədək olan şəhərlər böyük, 50 mindən 100 minədək olan şəhərlər orta və 50 minədək olan şəhərlər kiçik şəhərlər qrupuna aiddir. Qəsəbələr kiçik şəhərlər qrupuna daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti