...

Ötən il ƏƏSMN rəhbərliyi 11751 vətəndaşı fərdi qaydada qəbul edib

Cəmiyyət Materials 30 Yanvar 2018 11:13 (UTC +04:00)
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və məsul şəxsləri tərəfindən 11 751 vətəndaş fərdi qaydada qəbul edilib.
Ötən il ƏƏSMN rəhbərliyi 11751 vətəndaşı fərdi qaydada qəbul edib

Bakı. Trend:

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyi və məsul şəxsləri tərəfindən 11 751 vətəndaş fərdi qaydada qəbul edilib.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin obyektiv şəkildə cavablandırılması ƏƏSMN-in fəaliyyətində mühüm yer tutur. Bu istiqamətdə işlərin davamı olaraq, 2017-ci ildə nazirliyin rəhbərliyi və məsul şəxsləri tərəfindən 11 751 nəfər vətəndaş fərdi qaydada qəbul edilib. Həmin şəxslərdən 11 097 nəfəri nazirliyin Qəbul otağına müraciət edənlər olub.

Vətəndaşlardan 773 nəfəri (o cümlədən nazirlikdə 119 nəfər və “Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq ölkəmizin rayon və şəhərlərində keçirilən qəbullar zamanı 654 nəfər) əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən qəbul edilib. Həmçinin 418 nəfər vətəndaş nazir müavinləri və aparat rəhbəri, qalan vətəndaşlar isə nazirliyin struktur bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilərək müraciətləri dinlənilib. Müraciətlərin əksər hissəsində sosial təminat, pensiya və müavinət təyinatı, əmək qanunvericiliyi, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, sosial sığorta və s. məsələlərə dair sorğular ifadə olunub. Belə müraciətlərlə əlaqədar vətəndaşlara aidiyyəti üzrə hüquqi izahatlar verilməklə, digər müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Son illərdə əmək və sosial müdafiə sahələri üzrə əhaliyə xidmət sektorlarında elektron sistemlərin tətbiqi nəticəsində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın təminatı nazirliyin Qəbul otağına müraciət edənlərin sayının getdikcə azalmasına səbəb olub. Bu tendensiyanın davamı kimi, 2017-ci ildə ƏƏSMN-nin Qəbul otağına müraciət edənlərin sayında (11 097 nəfər) əvvəlki illə (39 347 nəfər) müqayisədə 3,5 dəfə azalma qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti