...

Abşeron Heydər Əliyev Mərkəzində Xalq Cümhuriyyətinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Fevral 2018 20:18 (UTC +04:00)
Bilik Fondu və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Abşeron Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Abşeron Heydər Əliyev Mərkəzində Xalq Cümhuriyyətinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Abşeron Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilən tədbirdə Bilik Fondunun Lektorlar qrupunun üzvü, Bakı Dövlət Universiteti Tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərli rayon ictimaiyyəti ilə görüşüb.

Tədbirdə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Fondun Abşeron rayonu üzrə nümayəndəsi Teyyubə Hüseynova iştirak ediblər.

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub.

T.Hüseynova qonaqları iştirakçılara təqdim edərək, 1918-1920-ci illər Azərbaycan tarixinin təbliği və təşviqinə böyük ehtiyac olduğunu deyib, Abşeron rəhbərliyinin maarifləndirici tədbirləri daim dəstəklədiyini, rayon ictimaiyyətinin belə tədbirlərdə yaxından iştirak etdiyini bildirib.

Bilik Fondunun aparat rəhbəri İ.Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti ilə bugünkü Azərbaycan Respublikası arasındakı varislik bağlılığını konkret hüquqi sənədlərə əsaslanaraq diqqətə çatdırıb. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunduğunu xatırladan İ.Vəliyev xalqın seçkidə mütəşəkkillik göstərəcəyinə, müstəqil dövlətin maraqlarını daim qoruyacağına əminliyini bildirib.

Tədbirdə Abşeron rayon Saray qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları Xalq Cümhuriyyətinə həsr olunan videoçarx göstərilib, məktəblilərin ifasında şeirlər səsləndirilib.

Bakı Dövlət Universitetinin professoru A.İsgəndərli görüş çərçivəsində "Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçiliyin ideya əsasları və varislik" mövzusunda mühazirə ilə çıxış edib.

Tarixçi alim çıxışında Şərqdə ilk müstəqil dövlətin hansı siyasi zəmində yarandığına, Cümhuriyyət qurucularının dövlətçiliyin ideya əsaslarını necə mənimsədiklərinə və demokratik dəyərlərə söykənərək tətbiq etdikləri idarəetmə mexanizmlərinə müxtəlif prizmalardan aydınlıq gətirdi.

A.İsgəndərli bugünkü müstəqil Azərbaycanın qurulmasında Xalq Cümhuriyyətinin mühüm rol oynadığını diqqətə çatdıraraq, SSRİ dağılandan sonra demokratik respublikanın varisi olan dövlət yaratdığımızı xatırladıb.

Mühazirəçi tədbirin sonunda iştirakçıların Cümhuriyyət dövrünə aid suallarını ətraflı cavablandırıb, dinləyicilər isə bu görüşə görə təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti