...

ƏƏSMN əməkdaşları üçün yeni onlayn tədris modulu hazırlayıb (FOTO)

Cəmiyyət Materials 9 Mart 2018 16:38 (UTC +04:00)
Bu formada ilk təlim nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin funksional imkanlarına və alt sistemlərinə aid olub.
ƏƏSMN əməkdaşları üçün yeni onlayn tədris modulu hazırlayıb (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (MİS) tərkibində nazirliyin əməkdaşları üçün yeni onlayn tədris modulu hazırlanıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu formada ilk təlim nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (MİS) funksional imkanlarına və alt sistemlərinə aid olub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov fəaliyyət sahələrində müasir yanaşmalar əsasında səmərəli iş üsullarının tətbiq edilməsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövlət qurumları qarşısında müəyyən olunan vəzifələrdən biri olduğunu vurğulayıb: “Son illərdə ƏƏSMN tərəfindən aparılan islahatlar da informasiya kommunikasiya texnologiyalarından geniş istifadə əsasında əmək bazarına nəzarət, sosial təminat, sosial sığorta münasibətləri, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahələri üzrə elektron sistemlər üzərində idarəçiliyin optimallaşdırılmasına, sosial sahədə əhaliyə dövlət xidmətlərinin şəffaflaşdırılmasına səbəb olub. Nazirliyin avtomatlaşdırılmış sistemlərinin mərkəzləşdirilmiş qaydada idarə edilməsi və onlardan vahid pəncərə prinsipi ilə istifadə məqsədilə isə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (MİS) yaradılaraq istifadəyə verilib. Ötən dövr ərzində MİS bir çox əməliyyatların elektron qaydada və səmərəli şəkildə aparılmasına imkan verib”.

S.Müslümov qeyd edib ki, MİS portalında nazirliyin kadr potensialının gücləndirilməsi, kadrların bilik və bacarıqlarının artırılması üçün Tədris, Elektron kitabxana, tədbirlərin nəzarətdə saxlanılması və xatırladılması məqsədilə Təqvim, nazirlikdaxili layihələrin, fəaliyyət istiqamətləri ilə bağlı müzakirələrin aparılması məqsədilə Fikir bankı kimi funksionallıqlar mövcuddur: “Nazirliyin əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında müasir texnologiyaların tətbiqi məqsədilə eyni zamanda, MİS tərkibində onlayn tədris modulundan istifadənin genişləndirilməsi də diqqətdə saxlanaraq, bu istiqamətdə müvafiq işlər aparılıb. Hazırlanan onlayn tədris modulu təlimlərin operativ təşkili ilə yanaşı, təlim kurslarının və təlim prosesinin elektron arxivinin yaradılmasına, həmçinin münasib hesab olunan təlim kurslarının internet üzərində yayımlanaraq ictimaiyyətin müvafiq sahələrdə maarifləndirilməsinə də imkan verir”.

Nazir bildirib ki, təlim kurslarının bu formada təşkili bir tərəfdən qeyd olunan təlimlərin operativ təşkil olunmasına, digər tərəfdən nazirlik əməkdaşlarının öz iş yerlərindən ayrılmadan, hər hansı məsafə qət etmədən və vaxt sərf olunmadan bu təlimləri izləyərək onlardan faydalanmasına imkan verir: “Eləcə də bu tədris modulu nəticə etibarilə təlim xərclərinin və vaxt itkisinin azalmasına da müsbət təsir göstərəcəkdir”.

S.Müslümov hazırki təqdimatın özünün də yeni təlim modulu vasitəsilə təşkil edildiyini və ilk təlimdə nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (MİS) funksional imkanları və alt sistemlərinə dair təqdimatın edilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Təqdimat zamanı yeni onlayn tədris modulu, nazirliyin fəaliyyət istiqamətlərinin elektronlaşdırılması, vətəndaş-məmur təmasının minimallaşdırılması, vətəndaş məmnunluğunun artırılmasında növbəti addım kimi Məşğulluq alt-sisteminin (Məşğulluq AS) nəzərdə tutulan funksional imkanları barədə məlumatlar verilib.

Qeyd edək ki, Məşğulluq AS-ın istifadəyə verilməsi işaxtaran və işəgötürənlər üçün çevik platformanın formalaşdırılması ilə yanaşı, fərdi məşğulluq proqramlarının işlənilməsi, özünüməşğulluğun genişləndirilməsi, əmək bazarının təhlili və monitorinqi üçün yeni imkanlar yaradacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti