...

Lina Vaytkyaviçene: Azərbaycan həqiqətən də Qərb və Şərq dəyərlərinin dinc şəkildə mövcud olduğu multikulturalizm ölkəsidir

Cəmiyyət Materials 10 Aprel 2018 18:25 (UTC +04:00)
"Azərbaycan möhtəşəm ölkədir və mən bu ölkədə olmağımdan məmnunam".
Lina Vaytkyaviçene: Azərbaycan həqiqətən də Qərb və Şərq dəyərlərinin dinc şəkildə mövcud olduğu multikulturalizm ölkəsidir

Bakı. Trend:

"Azərbaycan möhtəşəm ölkədir və mən bu ölkədə olmağımdan məmnunam".

Bunu TREND İnformasiya Agentliyinin baş direktorunun müavini Lina Vaytkyaviçene 11 aprel prezident seçkilərini işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlərlə görüşdə deyib.

Xanım L.Vaytkyaviçene qeyd edib: “Təqdimatımın əsas hissəsinə keçməzdən əvvəl qeyd etmək istərdim ki, mən və ailəm Litvadan gəlmişik. Biz Azərbaycanda olmaqdan məmnunuq və özümüzü burada çox rahat hiss edirik. Bura təhlükəsizdir, milli və dini zəmində heç bir qərəzlilik yoxdur. Azərbaycan həqiqətən də multikulturalizm ölkəsidir və burada demokratik prinsiplər üstünlük təşkil edir, Qərb və Şərq dəyərləri isə dinc şəkildə yaşayır və bir-birini tamamlayır. Bura həqiqətən də çox gözəl ölkədir. Mənim buraya gələn dostlarım Azərbaycanın böyük inkişafı barədə eşitdiklərini, amma bu cür gözəlliklə qarşılaşacaqlarını gözləmədiklərini deyirlər. Ümid edirəm, sizin də bu ölkəni görmək və ləziz Azərbaycan mətbəxinin dadına baxmaq imkanınız olacaq”.

L.Vaytkyaviçene qonaqları Agentliyin fəaliyyət istiqamətləri barədə də məlumatlandırıb. O bildirib ki, Azərbaycanda xəbərlərinə bütün dünyada ehtiyac duyulan miqyasda belə bir medianın olmasından heyrətlənmişdi:

"TREND Azərbaycanın KİV sahəsində mühüm nailiyyətidir. Digər transmilli kütləvi informasiya vasitələri ilə yanaşı, TREND İnformasiya Agentliyi də mötəbər KİV-lərin xəbərlərini eyni ünvanda toplayıb yayan bütün nüfuzlu beynəlxalq xəbər aqreqatorlarına informasiya materiallarının tədarükünə nail olub. Bu isə öz-özlüyündə postsovet ölkələrinin mediası üçün unikal nailiyyətdir”.

Agentliyin fəaliyyətindən danışan L.Vaytkyaviçene qeyd edib ki, TREND öz müştəriləri üçün həm ümumi xəbərlər, həm də ödənişli məhsullar təqdim edir:

“Biz ingilis və rus dillərində iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 14 monitorinq buraxırıq. Bu nəşrlərdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə və digər ölkələrin neft-qaz, nəqliyyat, logistika, maliyyə-bank sistemi sahələrində baş verən hadisələr işıqlandırılır. Xəbərlərimiz Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər regionu ölkələrini əhatə edir. Biz xəbərləri öz internet terminalımız vasitəsilə, eləcə də birbaşa müqavilə imzaladığımız müştərilərə satırıq”.

O deyib ki, TREND-in məhsullarını “Mitsui Corporation”, “Lukoil”, “Petronas”, “Statoil”, “Chevron”, “BP”, “SOCAR” və digər böyük şirkətlər alır:

“Bizim müştərilərimiz arasında “Ernst & Young” və “Deloitte” konsaltinq şirkətləri də var. Bundan başqa, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasını və digərlərinin adını çəkmək olar”.

TREND İnformasiya Agentliyində keçirilmiş görüşdə Azərbaycana prezident seçkilərini müşahidə etmək üçün gəlmiş ABŞ politoloqu Raul Louri Kontreras, ABŞ-da yaşayan müstəqil jurnalist Nurit Qringer, italiyalı jurnalistlər Lello Stelletti və Domeniko Letitsiya, eləcə də “Tool Shed Group” MMC (ABŞ) strateji kommunikasiya şirkətinin təsisçisi Ceyson Erik Kats iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti