...

BDU-da görkəmli filosof Heydər Hüseynovun 110 illiyinə həsr olunmuş elmi-praktik konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 3 May 2018 17:55 (UTC +04:00)
“Heydər Hüseynovun elmi-nəzəri irsi və müasir fəlsəfənin aktual problemləri” adlı Respublika elmi-praktik konfransı keçirilib.
BDU-da görkəmli filosof Heydər Hüseynovun 110 illiyinə həsr olunmuş elmi-praktik konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) görkəmli filosof, SSRİ Dövlət mükafatı laureatı, akademik Heydər Hüseynovun 110 illiyinə həsr olunmuş “Heydər Hüseynovun elmi-nəzəri irsi və müasir fəlsəfənin aktual problemləri” adlı Respublika elmi-praktik konfransı keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, ölkənin tanınmış dövlət və elm xadimləri, BDU-nun professor-müəllim heyətinin iştirak etdiyi konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin “Heydər Hüseynovun 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən ölkədə silsilə tədbirlərin keçirildiyini bildirib. Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən biri kimi ölkəmizdə, o cümlədən BDU-da fəlsəfənin inkişafındakı xidmətlərindən bəhs edən rektor A.Məhərrəmov alimin 42 il ömür sürməsinə baxmayaraq böyük uğurlara imza atdığını, 250-dən artıq elmi əsərin müəllifi olduğunu, bir neçə ömrə sığa bilən zəngin irs qoyub getdiyini diqqətə çatdırıb.

Görkəmli filosofun həyat və fəaliyyətinə həsr edilmiş filmin nümayişindən sonra Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadənin “Heydər Hüseynovun həyatı və yaradıcılığı” mövzusunda məruzəsi dinlənilib. Professor H.Əlizadə Sosial elmlər və psixologiya fakültəsində müəyyən illərdə Fəlsəfə kafedrasına rəhbərlik etmiş alimin adına auditoriya və adlı təqaüdün təsis edildiyini də xatırladıb.

Plenar iclasda çıxış edənlər - Psixologiya kafedrasının müdiri, AMEA–nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, Sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov, Fəlsəfə kafedrasının professoru Əziz Məmmədov akademikin fəlsəfə elminin inkişafındakı əvəzsiz xidmətlərindən danışıblar.

Sonda alimin ailəsi adından Musa Orucov konfransın təşkilinə görə rektor, akademik A.Məhərrəmova, o cümlədən əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Konfrans işini “Heydər Hüseynovun həyat və yaradıcılığı”, “Azərbaycanda sosial həyatın fəlsəfədə inikası”, “Müasir fəlsəfənin inkişaf xüsusiyyətləri”, “Fəlsəfə və humanitar elmlər”, “Fəlsəfə və təbii elmlər” və “Azərbaycanda elm” adlı bölmə iclaslarında davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti