...

BDU-nun Hüquq fakültəsində beynəlxalq elmi-praktiki konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 29 May 2018 15:55 (UTC +04:00)
“Qloballaşma və Azərbaycan Respublikasında hüquq elminin əsas inkişaf istiqamətləri” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.
BDU-nun Hüquq fakültəsində beynəlxalq elmi-praktiki konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Qloballaşma və Azərbaycan Respublikasında hüquq elminin əsas inkişaf istiqamətləri” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, giriş sözü ilə çıxış edən Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor, professor Sani Hacıyev AXC-nin yubileyinin və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün eyni tarixə təsadüf etməsini qeyd edərək beynəlxalq konfransın əhəmiyyətindən danışıb. AXC-nin yaranmasının 100 illiyinin tamam olması ilə əlaqədar Prezident İlham Əliyevin sərəncam imzaladığını xatırladan prorektor S.Hacıyev respublikada, həmçinin universitetdə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Prorektor konfransa hüquq sahəsində tanınmış yerli alimlərlə yanaşı, xarici ölkələri təmsil edən nüfuzlu alimlərin də qatılmasını yüksək dəyərləndirib, iki gün davam edəcək konfransın işinə uğurlar arzulayıb.

Sonra dekan, professor Əmir Əliyev son illər Hüquq fakültəsində nəşr olunan nüfuzlu elmi jurnalların sayının daha da artmasından, o cümlədən elmi müstəvidə əldə edilən uğurlardan bəhs edib.

Daha sonra professorlar - Nazim Cəfərli “Heydər Əliyevin dövlətçilik konsepsiyası, Nazim Əliyev “Qloballaşma şəraitində dünyada və regionlarda cinayətkarlığın müasir vəziyyəti və meyillərinin bəzi məsələləri haqqında”, Leonid Timçenko “Hüquq elminin inkişafında Azərbaycan–Ukrayna əməkdaşlığının rolu”, Adel Abdullin “Rusiya Federasiyası və Azərbaycan Respublikasında qloballaşma dövründə hüquq elminin əsas istiqamətləri”, Məhəbbət Dəmirçiyeva “Mülki hüquqda mediasiya institutu” və dosent Elçin Xələfov “Xüsusi və publik maraqların balansı barədə” mövzularında məruzələr ediblər.

180-dən artıq tezisin təqdim edildiyi konfrans işini “Beynəlxalq hüquq və Avropa hüququ”,“İnsan hüquqları”, “Hüquq nəzəriyyəsi və Konstitusiya hüququ”, “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” və “Mülki hüquq, mülki proses, kommersiya hüququ, əmək və ekologiya hüququ” adlı bölmə iclaslarında davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti