Bakı. Trend:
Avqustun 18-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “GymBala” adlı beynəlxalq turnirin birinci gününə yekun vurulub.
Trend-in məlumatına görə, qrup hərəkətləri proqramında 2008-2010-cu il təvəllüdlü balacalar kateqoriyasında halqalar və toplar üzrə yarışlarda birinci yerə 20,500 xal ilə “Ocaq-3” yığması, ikinci yerə 19,300 xal ilə “Ocaq-4” yığması, üçüncü yerə isə 18,450 xal ilə Bakı Gimnastika Məktəbinin (BGM) yetirmələri layiq görülüb.
Qrup hərəkətləri proqramında 2006-2007-ci il təvəllüdlü yeniyetmələrin lentlərlə yarışlarında birinci yerdə “Ocaq-1” komandası, ikinci yerdə Bakı Gimnastika Məktəbi-5, üçüncü yerdə isə “Ocaq-2” atletləri qərarlaşıb.
Fərdi və qrup hərəkətləri proqramlarında 2011-2013-cü il təvəllüdlü atletlər də məharətlərini göstəriblər. İştirakçılar həm çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparıblar.
Günün birinci yarısında fərdi hərəkətlər proqramında 2009-2013-cü il təvəllüdlü atletlər kateqoriyasında çoxnövçülük üzrə qaliblər də mükafatlandırılıb.
Qaliblərə diplom və Azərbaycan Gimnastika Federasiyasının mükafatları təqdim olunub.
Beynəlxalq turnir sabah davam edəcək.