...

Bilik Fondu Qəbələdə və Oğuzda maarifləndirici tədbirlər keçirib (FOTO)

Cəmiyyət Materials 20 Avqust 2018 13:42 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Bilik Fondu bölgələrdə silsilə maarifləndirici tədbirlərini davam etdirir.

Fonddan Trend-ə verilən məlumata görə, qurumun "İl boyu bilik" proqramı şərçivəsində tədbir Qəbələ rayonunun Nic qəsəbəsindəki yeni açılan “Azərbaycan Udi Ocağı” mədəniyyət mərkəzində keçirilib. “Azərbaycan dünyada tolerantlığın məkanıdır” mövzusunda təşkil olunan “dəyirmi masa”da Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Nic qəsəbə icra nümayəndəsi İbrahim Məmmədov, “Cotari” alban kilsəsinin dini rəhbəri Rafiq Danakar və başqaları çıxış edərək Azərbaycan Prezidentinin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmizdə dünyada bənzəri olmayan sivil multikultural və tolerantlıq mühitinin yarandığını diqqətə çatdırıblar. Qeyd olunub ki, dövlət başçısının dini icmaların fəaliyyəti üçün mütəmadi olaraq ayırdığı maliyyə yardımı ölkədəki multikultural dəyərlərin yüksək səviyyədə qorunmasının daha bir təzahürüdür. Bu diqqət və qayğı dini icmaların fəaliyyəti üçün geniş imkanlar açır. Digər dini icmalar kimi, Alban-Udi Xristian icması da bu qayğını daim hiss edir. Dövlətimizin başçısının bu qəsəbəyə səfərlər etməsi, qəsəbədəki Alban-udi kilsəsinin bərpası, “Azərbaycan Udi Ocağı” mədəniyyət mərkəzinin açılması bu qayğının bariz nümunəsidir.

Diqqətə çatdırılıb ki, hazırda Nic qəsəbəsində üç kilsə, iki məscid var. Hər məhəllədə müsəlmanların və xristianların ziyarət etdiyi 5-6 pir mövcuddur. Altı min nəfər əhalisi olan qəsəbədə 3500-dən çox udi yaşayır. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Azərbaycanda milli mənəvi dəyərlərin, etnik rəngarəngliyin qorunmasına dövlət səviyyəsində göstərilən diqqət və qayğı yerli sakinlər tərəfindən razılıqla qarşılanır.

Qeyd olunub ki, Bilik Fondu yarandığı ilk günlərdən başlayaraq Nic qəsəbəsində müxtəlif tədbirlər, layihələr həyata keçirir. Fondun qəsəbədəki orta məktəbdə rus dilində təhsil alan udi gənclər üçün açdığı “Azərbaycan dili” kurslarında gənclər dövlət dilimizi böyük həvəslə öyrənirlər. Ödənişsiz əsaslarla artıq üç ildir fəaliyyət göstərən bu kursların dinləyicilərinə təlim-dərs prosesindən əlavə, Azərbaycan dili və ədəbiyyatına dair kitablar da hədiyyə olunur, intellektual yarışlar, gəzintilər, ekskursiyalar təşkil edilir.

Tədbir çərçivəsində kursun builki 12 məzununa sertifikatlar da təqdim olunub. Kursu bitirənlər adından çıxış edən Artur Mancari, Karlen Atoqoy, Olen Qukasari Bilik Fondunun və Alban-Udi Xristian icmasının rəhbərliyinə təşəkkürünü bildiriblər.

Sonda Bilik Fondu tərəfindən kursa iki yüz kitab hədiyyə olunub.

Növbəti tədbir Oğuz Bilik Evində təşkil olunub. Ordudan tərxis olunmuş gənclərlə “Ordudan sonrakı həyatımız” mövzusunda keçirilən görüşdə Fondun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla və qurumun Oğuz rayonu üzrə nümayəndəsi Anar Məcidov çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıblar. Vurğulanıb ki, məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi nəticəsində Azərbaycan gəncliyində özünəinam hissi artıb. Gənclər və İdman Nazirliyinin yaradılması, ümumrespublika forumlarının keçirilməsi, 2 fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsi, gənclər siyasəti üzrə qəbul edilən normativ hüquqi aktlar gənclərlə iş sahəsinin hüquqi əsaslarının və icra mexanizminin müəyyənləşməsində mühüm rol oynayıb. Azərbaycan Prezidentinin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi ölkəmizdə gəncliyə diqqət və qayğının davamlı olduğunu bir daha təsdiqləyir.

Tədbirdə Fond tərəfindən indiyədək 100-dən çox oğuzlu gənc üçün təlim kursları təşkil edildiyi diqqətə çatdırılıb.

İşgüzar şəraitdə keçən görüşdə gəncləri maraqlandıran məsələlərə aydınlıq gətirilib, ətraflı fikir mübadiləsi aparılıb. Oğuzlu gənclərdən Fuad Əhədi, Qəhrəman Verdiyev və Kamil Mikayılov çıxış edərək, dövlətimizin başçısının gənclərə diqqət və qayğısına əməli işləri, bilik və bacarıqları ilə cavab verəcəklərini bildiriblər.

Bilik Fondu nümayəndələrinin həmin gün Oğuz şəhərində növbəti görüşü “Yuxarı məhəllə” sinaqoqunda olub. Görüşdə Fondun sektor müdiri Hacı Abdulla, sinaqoqun icma rəhbəri Şirin Şumilov, icma üzvü Teymur Natalinov çıxış edərək, ölkəmizdə dini, milli mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində görülən işlərdən danışıblar.

Fond adından sinaqoqa dini kitablar hədiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti