...

Londonda Cahangir Hacıyevin həyat yoldaşı həbs edilib

Cəmiyyət Materials 6 Noyabr 2018 22:20 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda həbs edilib.
Londonda Cahangir Hacıyevin həyat yoldaşı həbs edilib

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda həbs edilib.

Trend-in məlumatına görə, hazırda onun Azərbaycana ekstradisiya edilməsi məsələsi müzakirə olunur.

55 yaşlı Z.Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır. Onun vəkilləri Hacıyevanın "fırıldaqçı" olmadığını deyir.

O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən Z.Hacıyeva var-dövlətinin hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Qeyd edək ki, UWO Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Vestminster Magistr Məhkəməsindən bildiriblər ki, Z.Hacıyeva keçən həftə London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycan hökumətinin Z.Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır.

Ona qarşı vəsaitlərin mənimsənilməsi üzrə iki ittiham irəli sürülüb, təcridxanada saxlanılır.

Məhkəmə hakimi Emma Arbutnot bildirib ki, Z.Hacıyeva zaminə buraxıla bilər. Bunun üçün o, 500 min funt sterlinq məbləğində zəmanət məbləği ödəməlidir. Bu məbləği ödədikdən sonra isə o, Londonun mərkəzindəki evində qalmalı, Londonu tərk etməməli və hər gün polisə məlumat verməlidir. Lakin dövlət prokurorları buna kəskin etiraz ediblər. Bu isə onun təcridxanada qalacağı deməkdir.

Z.Hacıyevanın həbsi ilə bağlı apelyasiyaya noyabrın 9-da Ali Məhkəmədə baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti