...

Qərar var - İcrası yoxdur

Cəmiyyət Materials 14 Noyabr 2018 15:41 (UTC +04:00)
Məhkəmə qərarı hansı hallarda və nə vaxt icraya yönəldilir?
Qərar var - İcrası yoxdur

Bakı. Trend:

Bildiyimiz kimi, hər bir fiziki və yaxud hüquqi şəxs öz hüququnun qorunması üçün məhkəməyə müraciət etdikdə, məhkəmədə iş başlanılır və yekunda məhkəmə tərəfindən qərar (qətnamə, əmr, qərardad) qəbul edilir.Məhkəməyə müraciət edənlərin əksəriyyəti bununlada, işin tamamlanmasını hesab edir. Lakin bildirmək istərdik ki, məhkəmə tərəfindən xeyrinizə qərarın qəbul edilməsi işin hələ yarısıdır.Digər yarısı isə həmin qərarın (icra sənədinin) icrasıdır. Məhkəmə qərarının qəbul edilməsinə nail olunması, lakin həmin qərarın tam icra olunmaması zəhmətin hədər yerə getməsi deməkdir. Yəni məhkəmənin qərarı kağızda qalır. Nəticədə qərar var - icrası yoxdur.

Bu səbəbdən icra sənədinin icrası çox vacib və aktual məsələdir.

Məhkəmə qərarı hansı hallarda və nə vaxt icraya yönəldilir?

Məhkəmə baxdığı işlə bağlı qərar qəbul etdikdən sonra həmin qərardan yuxarı məhkəmə orqanına qanunvericiliklə müəyyən edilmiş vaxt ərzində şikayət edilmədikdə, qərar qanuni qüvvəyə minmiş hesab edilir və icraya yönəldilir.Lakin elə hallar var ki, bu zaman icra sənədi dərhal icraya yönəldilir (iddianın təmin tədbiri kimi məhkəmə tərəfindən qəbul edilmiş qərardadlar, işə bərpa etmək haqqında icra sənədi, qısamüddətli mühafizə orderi və AR qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tələblər) Məsələn, iddianı təmin etmək barədə qərardada əsasən, icra vərəqəsi verilir və icra sənədi dərhal, yəni şikayət müddəti gözlənilmədən icraya yönəldilir. Lakin bu tərəflərin həmin qərardaddan şikayət verilməsinə mane olmur.

İddianın təmin tədbiri nədir?

Gələcəkdə icra zamanı icra sənədinin icrasını təmin etmək məqsədi daşıyan, qabaqlayıcı bir tədbirdir. Məsələn, tərəfinizdən cavabdehə qarşı pul tələbinə dair iddia qaldırılıb. Lakin sizdə şübhələr var ki, o, adına olan əmlakı (məsələn, avtonəqliyyat vasitəsini və s.) öz mülkiyyətindən çıxararaq, digər şəxsə satmaq və ya bağışlamaq istəyir. Bu zaman, qətnamə qəbul edilənədək, özünüzü sığortalamaq və mülkiyyətin digər şəxsə keçməsinin qarşısını almaq üçün, qabaqlayıcı tədbir kimi məhkəmə mərhələsində ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əmlakına, pul vəsaitlərinə və s. həbs qoydura bilərsiniz.

Qeyd edək ki, iddianı təmin etmək barədə qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Yəni, yekunda iddianız təmin olunduğu halda görülmüş təmin tədbirlər öz qüvvəsini saxlayır. İddia təmin edilmədikdə isə iddianın təmin edilməsi ilə bağlı qərardad ləğv olunur. İddianın təmin edilməsi ilə bağlı qərardad ləğv edildiyi halda, cavabdeh iddianın təmin edilməsi ilə bağlı görülmüş tədbirlər nəticəsində ona dəymiş zərəri iddiaçıdan tələb edə bilər. Bu səbəbdən iddianın təmin tədbiri ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməkdən öncə, yüz ölçüb bir biçmək lazımdır.

Sonda bildirmək istərdik ki, iddianın təmin tədbiri və icra sənədinin icrasının təmini fərqli proseslərdir. Birinci halda qərar məhkəmə tərəfindən və iddia icraatı zamanı, ikinci halda isə icra məmuru tərəfindən və icra icraatı zamanı qəbul edilir.

Məcburi icra orqanları.

Məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilir və icra məmurunun qanuni tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər və onların vəzifəli şəxsləri, eləcə də fiziki şəxslər üçün məcburidir.Bəzi hallarda məhkəmənin qərarlarının icrasını vergi orqanları, banklar, kredit təşkilatları, vəzifəli şəxslər və digər orqanlar da icra edə bilər. Lakin həmin orqanlar məcburi icra orqanları sayılmır.

İcra məmuru tərəfindən icra sənədi müəyyən olunmuş müddətdə icra olunmasa, hara müraciət etmək lazımdır?

Məhkəmə qərarının icrası prosesində yaranan problemlərlə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, icranı həyata keçirməli olan orqanın rəhbərliyinə, həmçinin icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət ərizəsi ilə müraciət etmək olar. Həmçinin məhkəmə qərarının icrasına məhkəmə tərəfindən də öz səlahiyyətləri çərçivəsində nəzarət həyata keçirilir.

Məhkəmə qərarlarının icra mexanizmi.

İcra məmuru icra sənədini aldığı vaxtdan 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir və tələblərin borclu tərəfindən könüllü icra edilməsi üçün ən çoxu 10 gün müddət təyin edərək, borcluya bildiriş göndərir. Borclu tərəfindən həmin müddət ərzində tələb könüllü icra edilmədikdə, icra məmuru tərəfindən məcburi icra hərəkətlərinə başlanır, həmçinin məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edilir. Məcburi icra tədbirləri zamanı borclunun əmlakına həbsin qoyulması (avtonəqliyyat vasitəsinə və s.), tələbin onun pul vəsaitlərinə yönəldilməsi (əmək haqqına, təqaüdünə və s.) kimi tədbirlər görülə bilər. Bundan əlavə borclunun və onun əmlakının axtarılması haqqında qərar qəbul edilə bilər. Həmçinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə borclunun ölkədən getmək hüququ məhdudlaşdırıla, borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilə, borclu inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilər. (Məcburi icra tədbirləri barədə növbəti məqalələrimizdəətraflı yazacağıq).

Gördüyünuz kimi, biz hazırki məqaləmizdə məhkəmə qərarlarının icrası barədə qısada olsa, məlumat verdik. Yuxarıda qeyd olunanların tam icra edilməsi və icraya nəzarət edilməsi üçün qanunvericiliyin tələblərini və normalarını kifayət qədər bilmək lazımdır. Bu sahədə Sizə "Busines Service Centre" MMC-nin İcra Şöbəsinin peşəkar hüquqşünasları yardımçı ola bilər. Bizim şirkətimizi digər hüquq (kollektor) şirkətlərindən fərqləndirən əsas cəhətlərdən biridə odur ki, biz artıq 20 ildir ki, hüququn digər sahələri ilə bərabər məhkəmə qərarlarının icrası ilə bağlı fəaliyyət göstəririk və "Azercell Telecom" MMC, "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC, "Babək Sirab" ASC, "Araz Rəng Ltd" müəssisəsi, "AB-TİM" MMC" və digər şirkətlərlə debitor borcların qaytarılması sahəsində əməkdaşlıq edirik və onlara hüquqi ximət göstəririk.

Həmçinin, biz icra zamanı kreditorun mənafelərinin qorunması ilə yanaşı cavabdehin hüquqlarının pozulmamasınada çalışırıq, icra zamanı borcluya qanunvericiliyin tələblərini izah edirik, məsləhətlər veririk ki, gələcəkdə belə hallar yenidən təkrarlanmasın. Biz hər bir cavabdehə gələcəkdə potensial müştəri kimi baxırıq.

(+994) 50 593 43 40

BSC consulting & outsourcing

Məqalədə:
Xəbər lenti

Xəbər lenti