Bakı. İlhamə İsabalayeva - Trend:
Bakıda M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının (AMK) nəzdində yaradılan açıq kitabxanaya maraq yüksəkdir, bu kitabxanadan gənclər və uşaqlar daha çox istifadə edirlər.
Bunu Trend-ə AMK-nın direktor müavini Ədibə İsmayılova deyib.
Ə.İsmayılovanın sözlərinə görə, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının "Açıq kitabxana" layihəsi çərçivəsində 2016-cı ildə yaradılan məkana gələnlər arasında əcnəbilər də olur:
"Açıq kitabxanadan istifadə etmək üçün qeydiyyatdan keçmək lazım deyil. Ona görə də buraya il ərzində nə qədər oxucunun gəldiyini demək olmur. Ancaq müşahidələrə əsasən, demək olar ki, buraya gələn oxucuların sayı minlərlədir. Kitabxanaya gələnləri kitabxanaçılar müşayiət edirlər. Oxucular isə kitablardan sərbəst şəkildə istifadə edirlər".
Ə.İsmayılova qeyd edib ki, açıq kitabxanaya müraciət edən hər bir vətəndaş öz kitabını kitabxanaya təhvil verməklə oxumadığı yeni bir kitab əldə edə bilir. Oxucunun bu kitabxanadan kitab götürməsi üçün onun aldığının əvəzinə başqa bir kitab təhvil verməsi şərtdir. Həmin şəxs aldığı bu kitabı geri qaytarmaya da bilər:
"Bu, artıq onun kitabı sayılır. Ancaq həmin oxucu yenidən kitab oxumaq fikrinə düşərsə, kitabxanaya başqa birini təhvil verməlidir".
Ə.İsmayılova qeyd edib ki, kitabxanaya təhvil verilən kitabın latın qrafikası ilə yazılmasına və müasir dövrün tələblərinə uyğun olmasına üstünlük verilir:
"Çünki burada kitab oxuyanların əksəriyyəti gənclərdir, onlar da latın qrafikalı əlifba ilə oxuyurlar. Açıq kitabxananın fondunda olan kitabların əksəriyyəti gündəlik tələb olunan kitablardır. Açıq kitabxananın fondu ölü fond ola bilməz. Oradakı kitablara tələbat olmalıdır. Bu kitabxanada hazırda gənclərin oxuduğu çoxsaylı kitablar var".
Kitabxananın direktor müavini əlavə edib ki, bu layihə nəticəsində insanlar təmənnasız olaraq yeni kitablar götürüb oxumaq və digəri ilə dəyişmək imkanı qazanırlar, həm də daha çox oxunan kitabları müəyyən edə bilirlər.
Ə.İsmayılova qeyd edib ki, açıq kitabxanadakı kitablar daim yeniləri ilə əvəzləndiyindən kitabxananın fondu da tez-tez dəyişir. Kitabxanada AMK-nın qeydiyyatında olan kitablardan istifadə edilmir.
Direktor müavini 2018-ci ildən etibarən açıq kitabxananın fəaliyyətinin daha da təkmilləşdiyini, kitabxanada AMK-nın elektron kataloqundan, elektron kitabxanasından, Azərbaycan ədəbiyyatının virtual kitabxanasından və digər elektron kitabxanalardan oxucuların istifadəsi üçün kompüter avadanlığı və Wi-Fi şəbəkəsinin quraşdırıldığını da qeyd edib.