Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri dos. Elnurə Əzizova Beynəlxalq İslam Düşüncəsi İnstitutu və Malayziya Beynəlxalq İslam Universitetinin birgə təşkilatçılığı ilə Kuala Lumpur şəhərində keçirilən “MDB ölkələrində İslam təhsili” adlı beynəlxalq konfransda iştirak edib.
İnstitutdan Trend-ə verilən məlumata görə, on ölkədən 30-a yaxın məruzəçi MDB ölkələrinin orta və ali məktəblərində din və İslam təhsilinə dair səpkili mövzularla simpoziumda çıxış edib. Dos. Elnurə Əzizova simpoziumda “Müstəqillik dövrünün Azərbaycan məktəblərində din təhsilinin inkişaf prosesi Həyat bilgisi dərslikləri çərçivəsində” (Analysis of development process of religion education in public schools of Azerbaijan during the period of independence (within the context of Life Science textbooks) məruzəsi ilə çıxış edib.
Məruzədə dünyəvi dövlət olan Azərbaycanın orta məktəblərində müstəqil din dərsinin olmadığı, 1-9-cu siniflərdə "Həyat bilgisi" dərsliyində dinlə əlaqəli məlumatların tədris edildiyi, bu fənn ilə şagirdlərə müxtəlif dünya dinləri haqqında ümumi dünyagörüşü sayılan əsas biliklərin öyrədildiyi, milli və bəşəri dəyərlərə əsaslanan tərbiyənin daha sistemli və nəticəyönümlü olaraq mənimsədildiyi bildirilib.
Məruzədə kvantitativ məzmun analizi və kvalitativ mövzu analizi metodlarından istifadə olunaraq, “Həyat bilgisi” dərsliklərində dinə baxışı əks etdirən üslub, məzmun və vizuallar dəyərləndirilib. “Həyat bilgisi” dərsliklərində, ümumilikdə, dinin necə təmsil olunduğu, dinin əsasən hansı anlayışlarla əlaqələndirilərək təqdim olunduğu, dini biliklərin verilməsi zamanı hansı üslubdan istifadə olunduğu, Azərbaycanın özünəməxsus dini demoqrafiyasının hansı səviyyədə diqqətə alındığı, dini tolerantlığın Azərbaycan modelinin necə əks olunduğu məsələlərinə aydınlıq gətirilib.