Bakı. İlhamə İsabalayeva - Trend:
Antibiotiklərdən istifadə ilə bağlı ciddi nəzarət mexanizmlərinin olmasına ehtiyac var.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Q.Paşayevanın sözlərinə görə, Avropada və digər inkişaf etmiş ölkələrdə antibiotiklər sərbəst şəkildə satılmır: “Bəzən apteklərdə işləyən şəxslərin özləri də antibiotiklər barədə məlumata malik olmurlar, insanlara həmin dərmanları məsləhət görürlər. Azərbaycanda antibiotiklərin həkim təyinatı olmadan istifadəsi məsələsi bizi narahat edir. Bu dərmanlar sonradan eşitmə qabiliyyətinin zəifləməsi və digər ciddi problemlər yaradır. Bu sahədə nəzarət mexanizmlərinin artırılmasına ehtiyac var”.
Deputat əlavə edib ki, autizmli xəstəsi olan ailələr dövlətin dəstəyini istəyirlər.
Q.Paşayeva bunu da qeyd edib ki, hepatit C ilə bağlı müraciətlər çoxalıb.
Millət vəkilinin fikrincə, bunun səbəblərinin aydınlaşdırılması üçün parlamentdə hepatit C-nin sürətlə yayılması, onların qarşısının alınması istiqamətində dinləmələrin keçirilməsinə ehtiyac var.