...

Prezidentin fərmanı vəkillik fəaliyyətinin daha da təkmilləşməsinə mühüm töhfə verəcək

Cəmiyyət Materials 5 Aprel 2019 15:51 (UTC +04:00)
Son dövrlərdə Azərbaycanda vəkillik institutunun fəaliyyətində təkmilləşməni, həmçinin onun nüfuzunun artmasını aydın müşahidə etmək olar.
Prezidentin fərmanı vəkillik fəaliyyətinin daha da təkmilləşməsinə mühüm töhfə verəcək

Bakı. Trend:

Son dövrlərdə Azərbaycanda vəkillik institutunun fəaliyyətində təkmilləşməni, həmçinin onun nüfuzunun artmasını aydın müşahidə etmək olar. Buna təkan verən amillər sırasında şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidentinin 22 fevral 2018-ci il tarixli «Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» sərəncamı, nümayəndəlik institutunun məhdudlaşdırılması kimi qanunveriliciyə müvafiq dəyişikliklər xüsusi səciyyə daşıyır.

Azərbaycan Prezidentinin bu günlərdə imzaladağı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman bütün istiqamətləri ilə yanaşı, həm də vəkillik fəaliyyətinə də mühüm töhfə verəcək. Həmin Fərmanda vəkilliyin fəaliyyətinə müsbət təsir edən, inkişafına yönələn mühüm aktual məsələlər öz əksini tapmışdır. Bu baxımdan Fərmanın 4,9 və 13.1-ci bəndlərini xüsusilə qeyd etmək lazımdır. Fərmanın 13.1-ci bəndində­ ­­dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin dəqiq proqnozlaşdırılmasını və mərkəzləşdirilmiş uçotunu təmin etmək məqsədilə cari ilin və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması barədə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb bir ay müddətində Prezidentə təqdim edilməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Qeyd edilən islahat vəkilin dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaiti almasını qat-qat asanlaşdırır, nəzarət baxımından vəkilin öz səlahiyyətlərindən sui-istifadə hallarının qarşısını alır və bununla da dövlət büdcəsindən ayrılan pul vəsaitinin səmərəli istifadəsini təmin etmiş olur.

Fərmanın 4-cü bəndində nəzərdə tutulan məqam isə mülki və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılmasına, sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsinə və mülki prosessual qanunvericiliyin, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, təkmilləşdirilməsinə yönəlib. Bu da vəkillərin təcrübədə qarşılaşdığı mülki prosessual qanunvericiliyində olan boşluq və çatışmazlıqları aradan qaldıracaq, vətəndaşların hüquqlarının müdafiəsinin səmərəliliyini artıracaqdır.

Qeyd etmək istərdim ki, hələ son Fərmana qədər ölkə başçısının bu kontekstdə həyata keçirdiyi tədbirlər artıq müsbət nəticələr vermişdir. Fərman isə bu istiqamətdə aparılan islahatların davamı olaraq məhkəmə icraatının, vəkillik fəaliyyətinin, vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsinin effektivliyinin artırılmasını təmin edəcək.

Vurğulamaq lazımdır ki, ölkə başçısının məhkəmə-hüquq sistemində islahatları və vəkilliyin inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikasının vətəndaşlarının rifahının və hüquqlarının təmin olunmasına yönəlib. Vətəndaşların yüksək keyfiyyətli hüquqi yardımın alınması imkanı vətəndaş hüquqlarının təmin edilməsinin mühüm kriteriyalarından biridir və sözü gedən Fərmanı ölkə başçısının məhz buna yönələn tədbirlərindəndir. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycanın hər bir vətəndaşı Konstitusiyada təsbit olunmuş yüksək keyfiyyətli hüquqi yardım almaq hüququndan, hüquq və azadlıqların inzibati və məhkəmə təminatından, məhkəmə müdafiəsindən effektiv istifadə etmək imkanına malikdir.

Nağıyeva Lalə

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü

Məqalədə:
Xəbər lenti

Xəbər lenti