Bakı. Trend:
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2019-ci ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlardan danışan Komitə sədri Kərəm Həsənov qeyd edib ki, sosial-iqtisadi siyasətinin mərkəzində həmişə vətəndaş rifahının təminatı prinsipi dayanır. Ölkə başçısının rəhbərliyi altında davam edən uğurlu islahatlar sosial sahədə olduğu kimi, artıq idarəetmənin müasir dövrün tələblərinə uyğunlaşmasında, dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin elektron müstəvidə həyata keçirilməsində də özünü göstərməkdədir.
Ölkə rəhbərinin müəyyən etdiyi iqtisadi strategiyaya və tapşırıqlara uyğun olaraq 2019-ci ilin 6 ayında Əmlak Məsələləri Dövlət Komitəsi də əmlak idarəçiliyi və vətəndaşlara göstərilən xidmətlər sahəsində gördüyü işlər və yeni layihələrlə ölkədə aparılan islahatlara öz töhfəsini verməkdədir.
Bu sahədə ən mühüm hadisələrdən biri 2019-cu ilin ilk günlərində ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə komitənin Əmlak Xidmətləri Məkanının açılışının olmasıdır. Elektron idarəetmə sisteminin tətbiq edildiyi Məkanda xidmətlər daha dəqiq, proseduralar daha sürətlə yerinə yetirilir. Qısa müddət keçməsinə baxmayaraq Məkana 120 minə yaxın vətəndaş müraciəti daxil olub. Artıq respublikanın iki regionunda Gəncə və Xaçmaz şəhərlərində yeni Əmlak Xidmətləri Məkanının tikintisinə başlanılıb.
Cənab prezidentin 29 mart 2019-cu ildə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda etdiyi dəyişiklikliyə əsasən əmlaklara dair çıxarışların tam olaraq elektron müstəviyə keçib. Bununla da təkrar qeydiyyat tam olaraq elektronlaşır, vətəndaş-məmur ünsiyyətini minimuma enir, əmlakın qeydiyyatı sadələşir. Artıq ölkədə 50 mindən çox elektron çıxarış hazırlanıb.
Eyni zamanda, dövlət rəhbərinin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı da vətəndaş məmnunluğuna, sadə formada mülkiyyətin qeydiyyata alınması, ölkədə leqal əmlakların sayının artması istiqamətində bir yenilik oldu. Fərmanın icrası ilə bağlı “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində istismarına icazə verilən binalarda, bilavasitə sakinlərin ünvanlarında qeydiyyat xidmətləri göstərilir. Cari ilin 6 ayı ərzində 60-a yaxın MTK-nın sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə daxil olub. Ümumilikdə həmin mənzillərə dair 2 min 500-dən çox elektron çıxarış hazırlanıb.
Bu dövrdə əmlak idarəçiliyi sahəsində atılan ən böyük islahat xarakterli addımlardan biri də ölkə başçısının 2019-cu il martın 5-də imzaladığı “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanundur. Bu qanun nəticəsində 140-dan çox özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək. Bu da təqribi hesablamalara görə 12 milyon manatdan artıq vəsait edir.
Daşınmaz əmlaklar haqqında vahid və etibarlı informasiya bazası olan Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması istiqamətində işlər davam etdirilir. Sistemin formalaşdırılması və inteqrasiyası ilə bağlı texniki şərtləri hazırlayacaq beynəlxalq nüfuzlu xarici məsləhətçi şirkət seçilib. Bu sahədə bir sıra qaydalar hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırmalar aparılır.
Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat elektron xidmətlər portalı vasitəsi ilə onlayn rejimdə qəbul edilməkdədir. “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu” adlı xidmət vasitəsilə müəssisələrin hesabatları Komitə tərəfindən elektron formada qəbul olunur, ərazi idarələrinə göndərilir və yekun hesabat registr bazasına yerləşdirilir.
Dövlət əmlakının özəlləşdirilməsinin tam olaraq elektronlaşması istiqamətində işlər daha da genişləndirilir. Cari ilin ilk 6 ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə 83 hərrac keçirilib. Dövlət əmlakının özəlləşmə prosesinin sürətləndirilməsinə və şəffaflığın təmin edilməsinə xidmət edən “Özəlləşdirmə portalı”-na 6 ay ərzində 400 minə yaxın baxış olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 2,4 milyonu ötmüşdür.
Xarici və yerli investorların özəlləşdirmə prosesi barədə məlumatlandırılması, eləcə də onların prosesdə daha fəal iştirakının təmin olunması məqsədilə görüşlər keçirilir, onlara özəlləşdirmə portfelinə daxil olan müəssisələr haqqında informasiya verilir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işi uğurla icra olunur.
Yeni yaradılmış Ünvan Reyestri İnformasiya Sisteminin 1-ci mərhələsi respublikanın şəhər və rayon mərkəzlərini özündə əks etdirməklə artıq başa çatdırılıb. Hazırda ÜRİS-nin 2-ci mərhələsi olan kənd yaşayış məntəqələrinə ünvanların verilməsi və sistemə işlənməsi işləri görülür. Ölkədə beynəlxalq qaydalara uyğun qurulmuş ünvan sahəsində də yenilik olan “Ünvan portalı” cari ildə də vətəndaşların xidmətindədir.
Torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi üçün Peyk Nəzarət Sistemi qurulur. Bu sistem vasitəsi ilə əldə ediləcək peyk məlumatları torpaqların təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcəkdir.
Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, xidmətlərdə sosial və innovativ amillərin gücləndirilməsi, rahatlıq və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Çıxarışların 1 iş günü müddətində verilməsi vətəndaşların əmlaklarını qeydiyyata almaq marağını artırır. 2019-ci ilin 6 ayında ölkə üzrə 112 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.
Cari il ərzində də vətəndaş müraciətlərinə həssaslıqla yanaşılıb. 193 saylı Vahid Çağrı Mərkəzinin funksionallığı artırılıb, qeydiyyat və kadastrla bağlı müraciətlərin qəbulu xətləri yaradılıb. Müasir kadr potensialına əsaslanan çevik idarəetmənin qurulması istiqamətində də bir sıra tədbirlər təşkil edilib, regionlarda görüşlər keçirilib, könüllülərlə birgə iş prinsipi formalaşdırılıb.
Müşavirənin sonunda komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Qeyd edib ki, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində operativ fəaliyyət göstərilməlidir. Komitə sədri Milli Məkan Məlumatlarının formalaşdırılması ilə bağlı görülən işlərin sürətlənməsi tapşırığını verib. Vurğulayıb ki, müxtəlif profilli yerli və xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi məqsədilə özəlləşdirmədə yeni yanaşmaların tətbiqi genişləndirilməlidir. Həmçinin bildirib ki, daşınmaz əmlakın qeydiyyatı tam elektronlaşdırılmalı, prosedurlar daha da sadələşdirilməlidir. Eyni zamanda, torpaqların idarə edilməsində Peyk Nəzarət Sistemindən istifadə edilməsi təmin edilməli, torpaqların elektron uçotunun yekunlaşdığı rayonlar üzrə torpaq idarəçiliyi təhlil olunmalı və yeni yanaşmalara dair təkliflər hazırlanmalıdır.