Bakı. İlhamə İsabalayeva -Trend:
İcbari tibbi sığorta sisteminin tətbiq olunduğu ərazilərdə ehtiyacı olan insanlara tibbi xidmətlərin maksimal olaraq, hansı müddətdə göstəriləcəyi (gözləmə müddətini) açıqlanıb.
Trend-in məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlərin tarifləri şöbəsinin koordinatoru Səbinə Quliyeva "KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması" mövzusunda keçirilən təlimdə bildirib ki, gözləmə müddəti icbari tibbi sığorta təminatına daxil olan tibbi xidmətlərin növündən və vətəndaşın vəziyyətindən asılı olaraq hər hansı bir tibbi xidmətin göstərilməsi üçün maksimal müddətdir.
Agentlik rəsmisi qeyd edib ki, ambulator xidmətlər üçün gözləmə müddəti 14 gündür, yəni ambulator xidmətlər pasiyentə 14 gün ərzində göstərilməlidir. Planlı stasionar tibbi xidmət üçün gözləmə müddəti 20 gündür, təcili tibbi və təxirəsalınmaz yardım xidməti isə dərhal göstərilməlidir: "Təcili tibbi və təxirəsalınmaz yardım vətəndaşa dərhal təqdim edilməlidir. Əgər belə hal yaransa, vətəndaş tərəfindən müştərək maliyyəşmə məbləği ödənilmir. Təcili yardım maşını çağıran zaman gözləmə müddəti tətbiq edilmir".
S.Quliyeva bildirib ki, əhalinin tibbi yardım almasını təmin edən xidmətlər zərfinə 2550 xidmət daxildir. Xidmətlərin böyük hissəsi stasionar, terapevtik, cərrahiyyə və ambulator xidmətlərdir.
Agentlik rəsmisi əlavə edib ki, əgər vətəndaş ailə həkiminə müraciət etmədən qeydiyyatda olduğu tibb müəssisəsinə birbaşa ixtisaslı yardım almaq üçün müraciət edərsə, onda müştərək maliyyələşmə məbləği ödəməlidir. Ailə həkiminin göndərişi olmadan yalnız hamilə qadınların ixtisaslı həkimlərə müraciət etməsinə icazə verilir.
Koordinator xidmətlər zərfinə daxil olan xidmətlərin sayının ildən-ilə mütəmadi şəkildə təkmilləşdiriləcəyini də söyləyib.