...

Agentlik: Novruz bayramı ilə əlaqədar şənliklərin keçirilməsi hələ qüvvədədir

Cəmiyyət Materials 27 Fevral 2020 12:10 (UTC +04:00)
Koronavirusla əlaqədar dünyada hər gün vəziyyət dəyişir. Amma buna baxmayaraq, Azərbaycanda ölkədə Novruz bayramı ilə bağlı hazırlıqlar davam edir.
Agentlik: Novruz bayramı ilə əlaqədar şənliklərin keçirilməsi hələ qüvvədədir

Bakı. İlhamə İsabalayeva - Trend:

Koronavirusla əlaqədar dünyada hər gün vəziyyət dəyişir. Buna baxmayaraq, Azərbaycanda Novruz bayramı ilə bağlı hazırlıqlar davam edir. Bayramla əlaqədar şənliklərin, tədbirlərin keçirilməsi hələ qüvvədədir.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, ötən ilin sonunda Azərbaycana gələn xarici vətəndaşların sayında 10 faizlik artımın olacağı proqnozlaşdırılırdı. Lakin bu il nəzərdə tutulan artımın mümkün olacağı gözlənilmir.

K.Quluzadə əlavə edib ki, ötən il Azərbaycan turizmi mənfi tendensiya ilə başlasa da, bu il müsbət tendensiya müşahidə edilir: "Buna görə də indi koronavirusa görə bu dövrləri müqayisə etmək hələ tezdir. Koronavirus Azərbaycanın sərhədlərinə yeni gəlib. Yanvarda koronavirus Çində var idi, lakin bu, bir o qədər də qlobal səviyyədə deyildi".

Agentlik rəsmisi əlavə edib ki, yanvar ayında Azərbaycana gələn turistlərin sayında 18 faiz artım var idi: "Fevralda da rəqəmlər müsbət olacaq, çünki bazar bir o qədər də bu virusa reaksiya verməyib. Digər tərəfdən, fevralın iki dekadasında ölkəmizdə İranda virusun yayılma təşvişi də yaşanmayıb. Lakin fevralın 3-cü dekadasında bununla bağlı dünyada vəziyyət dəyişdi. Martın birinci yarısının sonunda tendensiyanın nədən ibarət olacağı, rəqəmlərin necə dəyişəcəyi bilinəcək. Ümid edirik ki, illik rəqəmlərimiz mənfi olmayacaq. Amma bu, hadisələrin gedişatından asılıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti