Bakı. Trend:
Fevralın 27-si və 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ucar Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib.
Komitədən Trend-ə verilən məlumata görə, Ucar rayonunda keçirilən tədbirdə məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gəncləri iştirak ediblər.
Seminar-treninqi giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Bayramov bildirib ki, ölkəmiz bütün dini etiqadları və etnik azlıqları ehtiva etməklə dinlərarası, millətlərarası dialoqun kəsişdiyi bir məkan kimi öz varlığını təsdiqləyib. Onun sözlərinə görə, respublikamız daim müxtəlif din və millətlərin qarşılıqlı anlaşma şəraitində yaşadığı bir dövlət modelini sərgiləyib.
Gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişmələrinin vacibliyini vurğulayan sədr müavini diqqətə çatdırıb ki, onların bu ruhda yetişmələri milli məfkurəmizin gələcək nəsillərə ötürülməsinə, xalqımızın tarixi azərbaycançılıq ideyalarının daha da inkişaf etməsinə gətirib çıxaracaq. “Hər xalqın, hər dinin, hətta hər bir insanın əxlaq anlayışına öz yanaşma tərzi var. Azərbaycan xalqı üçün əxlaq onun milli və dini mənsubiyyətindən qaynaqlanan yüksək mənəvi keyfiyyətlər toplusudur. Önəmli məqamlardan biri də odur ki, əsrlərboyu milli və dini dəyərlərimiz bir-biri ilə vəhdət təşkil edib”, - deyə sədr müavini əlavə edib.
O bildirib ki, İslamın mahiyyətində və bünövrəsində əxlaq prinsipləri dayanır və bu dinin əsas məqsədlərindən biri həmin prinsiplərin cəmiyyətdə bərqərar edilməsinə nail olmaqdır.
Daha sonra çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev deyib ki, multikultural və tolerant dəyərləri yaşatmağı hədəf seçən Azərbaycan dövləti dini etiqadından asılı olmayaraq, bütün vətəndaşlara öz inanclarını yaşamaq üçün lazımi şərait yaradıb və xalqın keçmişinə, milli-mənəvi dəyərlərinə qayğı göstərir. Milli bayramlar ilə yanaşı, dini bayramlar da dövlət səviyyəsində qeyd edilir.
Eyni zamanda, o vurğulayıb ki, dövlət tərəfindən təmirə ehtiyacı olan bir çox tarixi-dini abidə bərpa olunub, yeni ibadət evləri tikilib. Bundan başqa, dini konfessiyaların dəstəklənməsi və onların maddi durumunun daha da yaxşılaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan mütəmadi olaraq maliyyə vəsaiti ayrılır. Həmçinin 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dövlət hesabına din xadimlərinə maddi dəstək göstərilir.