Bakı. Trend:
“Çörəkçi” zavodunun daxil olduğu “Delta Qrup C.O.” MMC ölkəmizdə baş verən xüsusi karantin rejimi ilə əlaqədər olaraq, sosial izolyasiya tədbirlərini, istehsaldan dağıtıma qədər olan bütün mərhələlərdə diqqəti daha da artırıb.
Şirkətin yaydığı məlumata görə, 65 yaşdan yuxarı şəxslərin evdən çıxmaq qadağasını nəzərə alaraq, 03.04.2020 tarixindən etibarən, Sumqayıt ərazisində yaşayan 1000 aztəminatlı ailələrə hər gün, karantin müddəti bitənə kimi “Çörəkçi” məhsulu olan çörək çeşidləri tam təmənnasız çatdırılır.
“Bu xidmətin özəyində, Azərbaycan xalqı olaraq hərzaman yardımsevər olduğumuzu göstərmək, çətin günlərdə imkanı olan şəxslərin ehtiyacı olan kəslərə yardımının önəmliliyinin nə qədər əhəmiyyətli olduğunu çatdırmaq, insanların üzündə bu günlərdə təbəssümə səbəb olmaq, qəlbində ümid yaratmaq durur. Bu təşəbbüsümüzə dəstəyinə görə Sumqayıt İcra Hakimiyyətinə dərin təşəkkürümüzü bildiririk. İcra Hakimiyyətinin birbaşa yardımı ilə, aztəminatlı ailələr ilə əlaqə saxlayaraq, bu prosesi başladıq”, -deyə şirkətin məlumatında deyilir.
“Çörəkçi” zavodu Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti və “Delta Qrup C.O.” MMC-nin vəsaiti hesabına 14.01.2013-cü il ildə təsis edilmişdir. Almaniyanın Werner&Pfleiderer şirkətinin avadanlığı və texniki dəstəyi ilə qurulmuş zavodda istehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunub. “Çörəkçi” zavodunun gündəlik istehsal gücü 150 tondur.
“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət 1999-cu ildə təsis edilib. “Delta Qrup C.O.” MMC - də çoxillik iş təcrübəsinə malik, ixtisaslaşmış 1150 nəfər işçi qüvvəsi çalışır. İki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribusiya (dağıtım).