...

Subbakalavrların ali məktəblərə qəbul qaydaları açıqlanıb

Cəmiyyət Materials 12 May 2020 13:52 (UTC +04:00)
Orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququna malikdirlər.
Subbakalavrların ali məktəblərə qəbul qaydaları açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququna malikdirlər.

Trend-in məlumatına görə, bu, "2020-2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu qaydaları"nda qeyd edilir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların əri­zələrinin qəbulu 2020-ci il iyunun 1-dən 15-dək internet vasitəsilə aparılır. Müsabiqədə iştirak ödənişsizdir.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar qeyd olunanlarla yanaşı, təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edirlər.

İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

Cari ildə qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə abituriyent kimi ümumi qaydada, həm də subbakalavr kimi qəbul imtahanında iştirak etmədən orta ixtisas təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti