...

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində başçəkmələr davam etdirilir (FOTO)

Cəmiyyət Materials 19 May 2020 19:52 (UTC +04:00)
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində başçəkmələr davam etdirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş Milli Preventiv Mexanizm funksiyalarının icrası çərçivəsində əvvəlcədən xəbərdarlıq etmədən sosial xidmət, səhiyyə, o cümlədən psixiatriya müəssisələrinə, eləcə də əlilliyi olan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə başçəkmələr davam etdirilir.

Ombudsman Aparatının Mətbuat xidmətindən Trend-ə bildirilib ki, bu fəaliyyət çərçivəsində növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına (publik hüquqi şəxs) həyata keçirilib.

BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sı, “Psixi xəstələrin müdafiəsi və psixiatriya yardımının yaxşılaşdırılması prinsipləri”nə, Ruhi xəstələrin saxlanılma şəraitinə və onlara qarşı rəftara dair Avropa Minimum Standartları, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu, “Psixiatriya yardımı haqqında” Qanunun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd yeni növ koronavirus infeksiyasının (COVID-19) geniş yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi üçün tətbiq edilən xüsusi karantin rejimi dövründə həmin müəssisədə saxlanma şəraiti, müyəssərlik, rəftar məsələləri, qidalanma səviyyəsi, tibbi-sosial xidmətlərə çıxış imkanları, daxil olmuş müraciətlərin araşdırılması, hospitallaşdırılmış pasiyentlərin, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Milli Preventiv Qrupun (MPQ) həkim üzvünün və əlilliyi olan şəxslərin hüquqları üzrə ekspertin də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin palata və korpuslarına, şöbələrinə, o cümlədən uşaq şöbəsinə, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxışlar keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, çatışmazlıqlar müəyyənləşdirilib.

Başçəkmə zamanı bir neçə şöbədə sıxlığın olduğu müşahidə edilib. Müəssisədə müasir psixoloji və sosial xidmətlərin təşkilinə ehtiyac vardır.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisənin müvafiq şöbələrində pasiyentlər xüsusi karantin rejimi qaydaları nəzərə alınmaqla qəbul edilərək konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunma vəziyyəti, qaldırdıqları məsələlər, sənədləşmə yerində araşdırılıb, habelə onların tibbi yardımla bağlı bir sıra müraciətləri yerində təmin edilib.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli qanunvericilik və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğun şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı çatışmazlıqlarla, habelə yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı tövsiyələr verilib.

Pasiyentlərin yeni növ koronavirus infeksiyasından qorunması üçün mütəmadi olaraq sanitar-gigiyenik vəziyyətin daim nəzarətdə saxlanılmasının, saxlanılan şəxslərin mütəmadi olaraq müayinələrdən keçirilməsinin, dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin edilməsinin, eləcə də işçi heyətə infeksiyadan qorunma qaydaları barədə maarifləndirici məlumatların verilməsinin əhəmiyyətli olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti