...

Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb

Cəmiyyət Materials 1 İyun 2020 17:41 (UTC +04:00)
İnsanlar üzərlərinə düşən sosial məsuliyyəti dərk etmədiklərindən müəyyən edilmiş yerlərdə tibbi maskanın istifadə edilməməsinə görə cərimənin tətbiqi zərurəti yaranıb.
Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb

Bakı. İlhamə İsabalayeva – Trend:

İnsanlar üzərlərinə düşən sosial məsuliyyəti dərk etmədiklərindən müəyyən edilmiş yerlərdə tibbi maskanın istifadə edilməməsinə görə cərimənin tətbiqi zərurəti yaranıb.

Bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, ayrı-ayrı ölkələrdə koronavirusun yayılmasının qarşısının alınmasına yönələn qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzası da tətbiq olunur. Artıq Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib:

”Çində koronavirusun qarşısının alınması üçün insanlara həftədə bir dəfə ərzaq almaq üçün küçəyə çıxmağa icazə verilirdi. Azərbaycanda belə tədbirlər tətbiq olunmur. Bizdə yalnız tibbi maskadan istifadə etməməyə görə cərimənin tətbiqi nəzərdə tutulur. Bu da ona görə edilir ki, insanların bir çoxu maska taxmırlar. Bunun da nəticəsində ölkəmizdə 3 rəqəmli yoluxma halları qeydə alınmağa başlayıb. Azrbaycanda artıq gün ərzində 200-dən çox yoluxma halı qeydə alınır. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVİD-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti