...

Mingəçevir Dövlət Universitetinin rektoru universitetin şəxsi heyətinə müraciət edib

Cəmiyyət Materials 1 İyun 2020 17:50 (UTC +04:00)
Mingəçevir Dövlət Universitetinin rektoru universitetin şəxsi heyətinə müraciət edib

Bakı. Trend:

Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri! Əziz tələbələrimiz və magistrantlarımız!

Məlumunuz olduğu kimi, cari ilin 31 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestri üçün sonuncu dərslərimiz baş tutdu. Qlobal pandemiya ilə hamılıqla mübarizə apardığımız keçən müddət ərzində qarşımıza qoyduğumuz əsas vəzifə tədris prosesində davamlılığın təmin edilməsindən ibarət idi. Fikrimizcə, MDU ailəsinin bütün üzvlərinin məqsədyönlü fəaliyyəti və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən göstərilən davamlı dəstək nəticəsində universitetimiz bu vəzifənin öhdəsindən gələ bildi.

Bütün mümkün online kommunikasiya alətlərindən istifadə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, MDU-nun infrastruktur imkanlarının və kadr potensialının səfərbər olunması sayəsində universitetimizdə tədrisin məsafədən təşkili mümkün oldu.

Nəticədə, cari ilin 17 mart tarixindən etibarən MDU-da dərslərin “ZOOM” platforması üzərindən online formatda və Youtube kanalı üzərindən təqdim olunan “Videodərslər” vasitəsilə offline rejimdə təşkilinə start verdik. 2020-ci ilin 6 aprel tarixindən etibarən isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa dəstəyi ilə universitetimizdə dərslərin “Microsoft Teams” platforması üzərindən də keçirilməsinə başladıq. Çox qısa bir zamanda həm akademik heyətimiz, həm də tələbələrimiz məsafədən təhsilin fəal iştirakçısına çevrilə bildilər.

Nəticədə, cari ilin 17 mart – 31 may tarixləri çərçivəsində MDU-da “ZOOM” platforması üzərindən ümumilikdə 1504 online dərs keçirildi. Bundan başqa, 6 aprel - 31 may tarixləri ərzində “Microsoft Teams” platforması üzərindən ümumilikdə 2255 məsafədən dərs təşkil olundu. Beləliklə, qeyd olunan iki platforma üzərindən birlikdə 200-dən çox fənn üzrə 3759 virtual dərs keçirildi.

Əlavə olaraq, cari ilin 17 mart – 31 may tarixləri çərçivəsində MDU müəllimləri tərəfindən hazırlanan ümumilikdə 710 “videodərs” tələbələrimizin istifadəsinə təqdim edilib. Youtube kanalından əldə etdiyimiz məlumata əsasən həmin “videodərs”lər bu vaxta qədər ümumilikdə 82 min dəfədən çox izlənilib.

İlkin təhlillər göstərir ki, hər üç metod üzrə götürdükdə MDU-da müəllimlərin 90%-dən çoxu, tələbələrin 80%-dən çoxu, 2019/2020-ci tədris ilinin yaz semestrində tədris olunan fənlərin isə 100%-i məsafədən təhsilə cəlb olundu. Qiyabi şöbə üzrə cari semester üçün nəzərdə tutulan bütün fənlər də online formatda təşkil edildi.

Sevindirici haldır ki, akademik heyətimizin böyük fədakarlığı hesabına bakalavriat və magistratura səviyyələrində təqdim olunan məsafədən dərslər tələbələrimiz və onların valideynləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Bu barədə tələbələrimizdən, onların valideynlərindən və ictimaiyyət nümayəndələrindən məmnunluq ifadə edən çoxsaylı müraciətlər aldıq.

Mövcud şərtlər daxilində MDU-da tədris prosesinin davam etdirilməsi üçün yorulmadan çalışan müəllimlərimizə və inzibati-texniki heyət üzvlərimizə təşəkkür edirəm.

Eyni zamanda, online dərslərdə fəal iştirak edən və məsafədən dərslərdən faydalanan tələbələrimizə və magistrantlarımıza da təşəkkür edir, onların MDU tərəfindən güzəştli şərtlərin tətbiqi ilə keçiriləcək imtahanlardan yalnız müvəffəq qiymətlər alacaqlarına əminliyimi bildirirəm.

İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən atılan qətiyyətli addımlar, ölkəmizin bu sahədə tətbiq etdiyi uğurlu model və xalqımızın göstərəcəyi həmrəylik sayəsində tezliklə koronavirus infeksiyasına birlikdə qalib gələcəyik.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edin, məsafə saxlayın, tibbi maskadan istifadə edin, özünüzü və doğmalarınızı qoruyun!

Şahin Bayramov
Mingəçevir Dövlət Universitetinin rektoru

Məqalədə:
Xəbər lenti

Xəbər lenti