...

Komitə: Mingəçevirdə torpaq sürüşməsi olub, köçkün ailələrinə ziyan dəyib (FOTO)

Cəmiyyət Materials 8 Avqust 2020 17:13 (UTC +04:00)
Komitə: Mingəçevirdə torpaq sürüşməsi olub, köçkün ailələrinə ziyan dəyib (FOTO)

Bakı. Trend:

Avqustun 8-də Mingəçevir şəhərindəki keçmiş turist bazasında (Turbaza), məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazidə torpaq sürüşməsi baş verib.

Trend-in məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olublar.

Hadisə nəticəsində ikisi Ağdam, biri Kəlbəcər rayonundan olmaqla 3 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış yerinə ziyan dəyib. Dövlət Komitəsi həmin yaşayış yerlərində qısa müddətdə zəruri təmir-bərpa işləri aparacaq.

Mingəçevir şəhərindəki "Turbaza" adlanan ərazidə 50-yə yaxın məcburi köçkün ailəsi yaşayır. Bu ailələrin əksəriyyəti Ağdam və Kəlbəcər rayonlarından olan məcburi köçkünlərdir. Onların yeni yaşayış sahələrinə köçürülməsi məsələsinə bölgədə məcburi köçkünlər üçün gələcəkdə yeni qəsəbələr salınarkən mövcud qaydalar çərçivəsində baxılacaqdır.

Xatırladaq ki, indiyədək Mingəçevirdə 2004-cü ildə 412 ailəlik "Yeni həyat" qəsəbəsi, 2013-cü ildə 504 ailəlik qəsəbə, 2015-ci ildə 594 mənzilli ümumilikdə 1510 ailəlik üç qəsəbə istifadəyə verilib.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" və Bakı şəhəri ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Planı – Yol xəritəsinə uyğun olaraq, məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilir. 2020-ci ildə 7 mindən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti