Bakı. İlhamə İsabalayeva - Trend:
Növbəti tədris ili üzrə təsdiq olunan plan məktəbəhazırlıq qrupları ilə bağlıdır, bu planın ümumtəhsil məktəblərinə aidiyyəti yoxdur.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, məktəbəhazırlıq qruplarında uşaqların sayının 30-dan artıq olmasına yol verilmir.
Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün ən azı 10, şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün isə ən azı 15 uşaq müəyyənləşdirilib:
Bu qruplarda məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır:
"Məktəbəhazırlıq qrupları həftədə 4 gün keçirilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.
Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür:
- I yarımil: 1 oktyabr-26 yanvar;
- II yarımil: 1 fevral-31 may.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:
- 5 gün payız tətili (16-20 noyabr);
- 5 gün qış tətili (27-31 yanvar);
- 5 gün əlavə tətil (1-5 may)".