Bakı. İlhamə İsabalayeva - Trend:
Biz vətəndaşlardan xahiş edirik ki, hotellərdə pandemiya ilə əlaqədar qaydaların tətbiqi məsələsində hər hansı problemin yarandığını gördükdə bu barədə mütləq Dövlət Turizm Agentliyinə (DTA) məlumat versinlər.
Bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nı təsdiqləyib. Artıq 3 həftədir ki, DTA digər dövlət qurumları ilə birlikdə həftədə 2 dəfə olmaqla, bu qaydaların icrası ilə əlaqədar monitorinqlər keçirir.
Monitorinqlərin nəticələrinin hələlik müsbət olduğunu deyən K.Quluzadə tədbirlərin 229 hoteli əhatə etdiyini nəzərə çatdırıb:
“Hotellərdə qaydaların tətbiqinə nəzarət, hazırkı şəraitdə fəaliyyətin hansı formada qurulması sahəsində sahibkarların və vətəndaşların maarifləndirilməsi məqsədilə yoxlamalar aparılır. Monitorinqlər başlayanda 229 hotellin 70-dən çoxu fəaliyyətini dondurmuşdu. Monitorinq başladıqdan sonra isə 5 hotel fəaliyyətini bərpa etdi. Çünki sahibkarlar gördülər ki, bu qaydalara riayət edə bilirlər”.
K.Quluzadə qeyd edib ki, hazırda hotellər üçün hazırlanan SAHMAN nişanı qaydalara riayət edən hotellərin üzərinə vurulur:
“Biz vətəndaşlardan xahiş edirik ki, hansısa hoteldə qaydaların tətbiqi ilə bağlı problem yarandıqda mütləq DTA ilə əlaqə saxlasınlar. İctimaiyyətin bizi bu barədə məlumatlandırması çox önəmlidir”.