...

Məcburi köçkünlərin Qarabağa qayıdışı ilə bağlı tədqiqatın yeni mərhələsi başlayıb (FOTO)

Cəmiyyət Materials 15 Mart 2021 18:13 (UTC +04:00)
Məcburi köçkünlərin Qarabağa qayıdışı ilə bağlı tədqiqatın yeni mərhələsi başlayıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədi ilə ADA Universitetində yaradılmış Tədqiqat qrupu dövlət sifarişi əsasında apardığı araşdırmanın ikinci mərhələsinə başlayıb.

ADA Universitetindən Trend-ə bildirilib ki, “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili” adlı tədqiqatın mart ayının 9-da başlamış hazırki mərhələsində məcburi köçkünlərlə müsahibə-sorğular keçirilir. Üzbəüz sorğuların əsas məqsədi məcburi köçkünlərin qayıdışla bağlı niyyət, istək və təkliflərini dərindən öyrənmək, repatriasiyanın ümumi potensialını və mərhələlər üzrə “sıxlığını” qiymətləndirməkdir.

Müsahibə-sorğu qarışıq üsulla – statistik məlumatların təhlili və təsadüfi seçim əsasında müəyyənləşdirilən və əksəriyyəti ailə başçılarından ibarət olan 1100 məcburi köçkün arasında keçirilir. Reprezentativlik bütün mümkün parametrlər üzrə təmin edilir.

Müsahibəçilər (sorğu aparanlar) ölkənin müxtəlif elm və təhsil müəssisələrini təmsil edən yüksək hazırlıqlı gənc mütəxəssislərdir. İşə başlamazdan əvvəl onlar üçün xüsusi təlimlər təşkil olunmuş və bu təlimlərin sonunda hər bir müsahibəçi test sınağından keçmişdir.
Tədqiqat qrupu bir daha bildirir ki, sorğuda iştirak edən məcburi köçkünlər haqqında şəxsi məlumatlar qapalı saxlanılır və yalnız repatriasiyanın səmərəli təşkili üzrə dövlət orqanları üçün nəzərdə tutulan analitik sənədlərin hazırlanması üçün istifadə ediləcəkdir.

Bununla yanaşı, ümumi tədqiqat çərçivəsində məcburi köçkünlər arasında fevral ayının 22-dən etibarən internet üzərindən keçirilən onlayn-sorğu da uğurla davam etməkdədir. Onlayn-sorğuda iştirak etmək üçün https://sorgu.ada.edu.az saytına daxil olmaq lazımdır.
Tədqiqat qrupu həm onlayn, həm də müsahibə sorğulara yüksək maraq göstərən, müsahibəçiləri məmnuniyyətlə qəbul edən məcburi köçkünlərə əməkdaşlığa görə minnətdarlığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti