Bakı. Çingiz Səfərli - Trend:
Maraqlı proqramlarla zəngin Qaliblər düşərgəsinin 4-cü günündə uşaqların sağlamlığı ilə bağlı mühüm tədbirlər görülüb. Düşərgə iştirakçıları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həkim briqadası tərəfindən USM, qanın ümumi analizi və s. üzrə müayinədən keçiblər.
Trend xəbər verir ki, məqsəd uşaqların sağlamlığını daim nəzarətdə saxlamaqdır. Bu istiqamətdə tədbirlər düşərgə boyu davam etdiriləcək.
Günün ikinci yarısında ənənəyə uyğun olaraq Eltac Cəbiyev tərəfindən “Müasir elmi nailiyyətlər bizi hara aparır?”, Məlahət Kazibekovanın təqdimatında “Öz gələcəyimi necə qurmalıyam?” mövzularında təlimlər keçirilib. Nərmin İsmayılova isə iştirakçıların ingilis dilini inkişaf etdirmələri üçün dərslər tədris edib.
Sonra Qaliblər DanceAbility, Kapoeyra dərsləri və viktorinalarda iştirak ediblər.
İştirakçılar həmçinin gününün qonağı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə görüşüblər. Qaliblər bu dəfə də qonağa maraqlı suallar ünvanlayıblar. Nazir hər bir şəhid övladının dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Sahil Babayev qaliblərlə birgə çay süfrəsində söhbətlərini davam etdirib, onların qayğıları ilə maraqlanıb.
Sonda uşaqların istəyi ilə xalq artisti Faiq Ağayevin konserti təşkil olunub. Onunla birgə müğənni Sevda Yəhyayeva və “Türkvision” müsabiqəsinin qalibi Fərid Həsənov çıxış edərək, uşaqlarda xoş təəssürat yaradıblar.