Bakı. Elçin Mehdiyev – Trend:
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən Ümrə ziyarətinin təşkil edilməsi ilə bağlı hələ ki, konkret qərar yoxdur.
QMİ-dən Trend-ə verilən məlumata görə, hazırda Ümrə ziyarəti üçün qoyulan şərtlər idarə tərəfindən müzakirə edilir. Bildirilib ki, ziyarət üçün şərtlər pandemiya qaydalarına uyğundur.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığını Həcc və Ümrə Nazirliyi Ümrə ziyarəti ilə bağlı şərtləri açıqlayıb.
Ümrə ziyarətinə 18 yaşdan yuxarı olan və koronavirusa qarşı peyvənd olunmuş şəxslər gedə bilərlər. Ümrə ziyarəti üçün Pfizer, AstraZeneca, Moderna, Johnson&Johnson vaksinləri keçərlidir. Lakin gələcəkdə Sinovac və Sinopharm vaksinlərinin də keçərli olması nəzərə alına bilər. Eyni zamanda, Ümrə ziyarətinə gedənlər Səudiyyə Ərəbistanında test verəcəklər və cavab neqativ çıxdığı halda ziyarətə icazə veriləcək.
QMİ-dən bildirilib ki, bütün bu şərtlər ətraflı müzakirə edildikdən sonra müvafiq qərar qəbul ediləcək.