Bakı. Trend:
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb. Səfiri ADU-da görməkdən məmnun olduğunu deyən rektor, iki ölkə arasındakı müxtəlif istiqamətli əlaqələri yüksək dəyərləndirib. Kamal Abdulla Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər haqqında danışıb, ölkəmizin regionda oynadığı böyük rola toxunub. Qeyd olunub ki, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın böyük Zəfəri ilə başa çatıb, işğal altında olan torpaqlarımız düşməndən azad olunub. Bu tarixi qələbə bizim həyatımızı daha maraqlı, daha işıqlı və məsuliyyətli edib.
Rektor ADU-da ispan dilinin tədrisinə verilən böyük önəmə toxunub, universitetin müxtəlif istiqamətli beynəlxalq layihələri haqqında danışıb. Diplomatı ADU-nun “Səfir saatı” layihəsinə dəvət edən Kamal Abdulla tələbələrin bu layihəyə böyük maraqla yanaşdığını deyib: “Əlbəttə, biz Meksikanın öndə gedən universitetlərindən biri ilə əməkdaşlıq qurmaqda, müxtəlif istiqamətlərdə layihələr həyata keçirməkdə maraqlıyıq. Belə bir əməkdaşlığın qurulmasına səfirlik tərəfindən dəstək olarsa, biz həmin universitetin professorlarını dəvət edər, vacib təcrübə mübadiləsi həyata keçirə bilərik”.
Xuan Rodriqo Labardini Flores dəvətə görə ADU rektoruna təşəkkürünü bildirib. Təhsil sahəsində əməkdaşlığın xaqları daha yaxınlaşdıran amil olduğunu deyən diplomat bu istiqamətin rəhbərlik etdiyi qurumun prioriteti olduğunu xüsusi vurğulayıb: “İnanıram ki, bizim təhsil sahəsində əməkdaşlığımız xalqlarımızı daha da yaxınlaşdıracaq. Təşəkkür edirəm ki, tələbələri İspan dili öyrənməyə təşviq edirsiniz, bu işə böyük diqqət göstərirsiniz. Meksika universitetləri ilə əməkdaşlıq təklifinizi yüksək dəyərləndiririk. Eyni zamanda ədəbiyyat sahəsində gələcək əlaqələri də vacib istiqamət hesab edirik. Bu, digər mövzularda təmasımıza böyük köməklik göstərə bilər. Çünki mədəniyyət böyük dəyər, böyük təsir qüvvəsi deməkdir”.
Görüşdə Xalq yazıçısı Kamal Abdulla müəllifi olduğu və portuqal dilində çap olunan “Yarımçıq əlyazma” romanını səfirə hədiyyə edib.