...

Multikulturalizm Mərkəzində müstəqilliyin bərpası günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2021 17:44 (UTC +04:00)

Bakı. Trend:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Müstəqilliyin bərpa olunması və Azərbaycan multikulturalizmi” mövzusunda onlayn seminar keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 30 illiyi (1991-2021) münasibətilə təşkil olunan tədbirə BBMM-in analitika şöbəsinin müdiri Rəşad İlyasov moderatorluq edib. Seminarda ölkəmizdə fəaliyyət göstərən milli və dini icmaların nümayəndələri, eləcə də Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov 18 oktyabr - müstəqilliyin bərpası gününün tarixçəsinə nəzər salaraq, bütövlükdə Azərbaycan xalqının müstəqillik uğrunda keçdiyi şərəfli yoldan danışıb.

R.Həsənov xüsusi olaraq vurğulayıb ki, ölkəmiz bu əlamətdar tarixi - müstəqilliyin bərpa olunmasının 30-cu ildönümünü böyük qürurla bütöv Azərbaycan kimi qeyd edir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etməsi - bu şanlı qələbənin tarixi əhəmiyyəti və yaşanan qürur tədbirdə çıxış edən bütün digər iştirakçıların da məruzələrində öz əksini tapıb. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İctimai fənlər” kafedrasının dosenti Yaşar Əhmədov “Müstəqilliyin tarixi əhəmiyyəti”, Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi Aysel Bağırova “Azərbaycanın müstəqilliyi və iqtisadi inkişafı”, ADU-nun “Psixologiya” kafedrasının müdiri, dosent Şəlalə Babayeva “Azadlığın sosial-psixoloji xüsusiyyətləri”, “Beynəlxalq münasibətlər” kafedrasının doktorantı Aynur İsayeva isə “Azərbaycan diasporasının formalaşması və onun 2-ci Qarabağ muharibəsində rolu” mövzularında məruzələrlə çıxış ediblər. Tədbirdə həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri professor Aytən Qəhrəman, Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Mefodiy Əfsəndiyev, Azərbaycan-Ukrayna Konqresi İctimai Birliyinin sədri Yuri Osadçenko, Azərbaycan-Avar İctimai Birliyinin sədri Məhəmməd Nooyev, “Samur” Ləzgi Mərkəzinin sədri İmran Rzayev çıxış edərək 18 oktyabr – Müstəqilliyin bərpası gününün tarixi əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda moderator R.İlyasov bütün iştirakçılara, eləcə də, seminarın təşklindəki fəaliyyətinə görə BBMM-in tədris şöbəsinin müdiri İrina Kuninaya xüsusi təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti