Bakı. Trend:
Noyabrın 12-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Zəfər bayramı və Axıska türklərinin tarixi vətənlərindən sürgün olunmasının 77-ci il dönümü ilə bağlı tədbir keçirilib.
Mərkəzdən Trend-ə bildirilib ki, tədbir bir dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb.
Tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş igid Vətən övladlarının xatirəsi yad edilib, Prezident, Ali Baş Komandan İlham Əliyevə və qəhrəman hərbçilərimizə bu Qələbəni bizə yaşatdıqları üçün təşəkkür edilib.
Azərbaycanda yaşayan Axıska Türkləri Vətən İctimai Birliyinin sədri İsmayıl Rəhimov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış ediblər.
Sonra Axıska türklərinin tarixi vətənlərindən sürgün olunmasına aid videoçarx nümayiş olunub.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Saymaz Aruz, Azərbaycan İlahiyyat İnstitutunun İslami elmlər kafedrasının müdiri Əhməd Niyazov, MİSRA İnformasiya Təşəbbüsləri və Mübadiləsi İctimai Birliyinin sədri Fuad Abbasov, Azərbaycan-Ukrayna Konqresinin sədri Yuriy Osadçenko və Samur Ləzgi icmasının sədri İmran Rzayev iştirak ediblər.