Bakı. Çingiz Səfərli - Trend:
Biologiya elmləri doktoru, dosent Həsən Babayev AMEA Mərkəzi Nəbatat Bağının icraçı direktoru vəzifəsinə təyin edilib.
Trend xəbər verir ki, bu barədə AMEA prezidenti, akademik Ramiz Mehdiyev sərəncam imzalayıb.
Bu gün AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova onu kollektivə təqdim edib.
Sonra Həsən Babayevin MNB-nin Elmi şurasına daxil edilməsi və şuranın sədri seçilməsi, Elmi şuranın tərkibində digər dəyişikliklər, eyni zamanda biologiya elmləri doktoru, professor Elman İskəndərin sədrin müavini seçilməsi və s. məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Həsən Babayev 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirib.
1987-ci ildə Azərbaycan SSR EA-nın Botanika İnstitutunda baş laborant kimi elmi fəaliyyətə başlayan Həsən Babayev 2016-cı ilə qədər həmin institutda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb.
2016-2020-ci illərdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda aparıcı elmi işçi vəzifəsini tutub, 2020-ci ildən institutun Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasında baş elmi işçidir.
Həsən Babayev 1999-cu ildə “Biokimya” ixtisası üzrə namizədlik, 2018-ci ildə elmlər doktoru dissertasiyalarını müdafiə edib, 2004-cü ildə dosent elmi adını alıb.
Alim 220-yə yaxın elmi əsərin, o cümlədən 1 monoqrafiyanın müəllifidir. Həsən Babayevin elmi rəhbərliyi ilə 1 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib, 2 dissertasiya işi tamamlanıb, 2 iş üzərində tədqiqatlar davam etdirilir.