...

Bu il 25 meşəətrafi kənd qazlaşdırılacaq

Cəmiyyət Materials 1 Fevral 2022 16:32 (UTC +04:00)

Bakı. Trend:

“Azəriqaz” İstehsalat Birliyi (İB) ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) arasında növbəti dəfə işçi görüş keçirilib.

İB-dən Trend-ə bildirilib ki, görüşdə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və Birliyin digər məsul şəxsləri, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, nazirliyin digər struktur bölmələrinin rəhbər şəxsləri iştirak ediblər.

Görüş zamanı respublika ərazisində ətraf mühitin, xüsusilə meşə sahələrinin qorunması və onların bərpası məqsədilə meşə sahələrinə yaxın yerləşən, təbii qazdan istifadə etməyən yaşayış məntəqələrində mərhələli şəkildə müvafiq infrastrukturun qurulması istiqamətində birgə fəaliyyətin təşkil olunması məsələləri geniş müzakirə edilib.

Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov hal-hazırda ölkə üzrə 982 qazlaşmayan kəndin mövcud olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb. Şöbə rəisi bildirib ki, bunlardan 426-ı meşəətrafı ərazidə yerləşir. Bu ərazilərdən isə yalnız 260-nın texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli hesab edilir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2022-ci ildə sözügedən 260 kəndin 25-nin təbii qazla təmin edilməsi işləri həyata keçiriləcək. Qalan 235 kənd isə növbəti 5 ildə tamamilə qazlaşdırılacaq. Görüş zamanı digər məsələlər də müzakirə edilib.

Bildirilib ki, yeni ərazilərin qazlaşdırılması əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına da dəstək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti