Bakı. Trend:
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Nyanxua Çin bədii mədəniyyətinin fenomeni kimi” adlı tələbə seminarı keçirilib. Seminarı giriş sözü ilə açan ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin milli mədəniyyətinin inkişafında qrafika sənətinin xüsusi növü kimi xalq rəsm əsərlərinın rolundan danışıb.
R.Abbasov həmçinin, “nyanxua”nın əsas tarixi-mədəni inkişaf mərhələlərindən, bədii ifadə vasitələrinin və obrazlı sisteminin xüsusiyyətlərindən bəhs edib. “Nyanxua” fəlsəfəsinin xalqın mənəvi həyatını əks etdirdiyi, çinlilərin estetik ideyalarını, mənəvi dəyərlərini və xalq adət-ənənələrini nümayiş etdirdiyi vurğulanıb.
Seminarda çıxış edən ADU-nun çinşunas tələbələri “nyanxua”nın əsas növləri, ənənəvi janrları və süjetləri haqqında çıxış ediblər. Klassik ədəbi əsərlər, teatr tamaşaları, dini mövzulu və xoş arzu ifadə edən əsərlər, mənzərə və dekorativ rəsmlər, portret janrı, ictimai-siyasi mövzular və s. əsasında çəkilmiş rəsmlər haqqında da söhbət açılıb.
Sonda müəyyən tarixi dövrlərdə yaradılmış “nyanxua” rəsmlərinin - “Şagirdlər”, “Zəhmətkeşlik”, “Doğma yurd”, “Çin Xalq Respublikasının yaranması”, “Kəndlilər və traktor”, “Bizim qəhrəman qayıtdı", "Ölkənin şanlı rəhbərləri", eləcə də orta əsr romanlarının süjetləri mövzusunda: "Qırmızı teremdə yuxu", "Qərbə səyahət", "Üç çarlıq", "Yuefu nağılı" ”, “Çjao Tszyun barbarlara gedir” və s. haqqında video təqdimat keçirilib.