...

Mərkəzi Gömrük Hospitalının həkimi “Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konqresdə iştirakın əhəmiyyətindən danışıb

Cəmiyyət Materials 29 Aprel 2022 13:51 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalının həkimi “Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konqresdə iştirakın əhəmiyyətindən danışıb

Bakı. Trend:

5 may 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, eləcə də “EGİS Pharmaceuticals PLC”, “Eva Farm” və “Gedeon Richter” şirkətlərinin əməkdaşlığı ilə 5 may Beynəlxalq mama gününə həsr edilmiş "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcək. Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu, t.ü.f.d., Sədi Allahverdiyev konqreslə bağlı suallarımızı cavablandırıb.

  • Dr.Sədi Allahverdiyev, ilk öncə konqres barədə qısa məlumat verərdiniz.
  • 5 may 2022-ci il tarixində hibrid formatda həyata keçiriləcək "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konqresdə Azərbaycan, Türkiyə və Böyük Britaniyanın yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə mama-ginekologiya səhəsi üzrə ümumilikdə 16 təqdimat ediləcək. Həmçinin, çıxışlar zamanı tibbin ən son yenilikləri, müasir müalicə və cərrahiyyə metodlarından danşılacaq, geniş müzakirələr aparılacaq. Konqresin elmi hissəsi Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi üzərindən canlı yayımlanmayacaq. Bu səbəbdən ölkəmizdə mama-ginekologiya sahəsi üzrə çalışan həkimləri, rezidentləri, elmiş işçiləri və mütəxəssisləri bu konqresdə iştirak etməyə dəvət edirəm.
  • Sədi həkim, konqresdə iştirak etmək üçün qaydalar necədir?

Qeyd edim ki, Konqres əyani olaraq Baku Marriott Boulevard otelində, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək. Konqresdə iştirak ödənişlidir. Belə ki, əyani iştirak edəcək həkimlər üçün Konqresdə iştirak haqqı 100 AZN, əyani iştirak edəcək rezidentlər üçün 50 AZN təşkil edir. Distant iştirak haqqı isə 20 AZN-dir. Qiymətə saat 09.00-dan 18.00-a qədər konqresdə iştirak, o cümlədən iki dəfə çay fasiləsi və nahar yeməyi daxildir. Konqresin sonunda proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı və sertifikat veriləcək.

  • Sədi həkim, siz konqresdə hansı mövzuda çıxış edəcəksiniz?
  • Mən Beynəlxalq Elmi Konqresin “Hamiləlikdə infeksiyalar və cərrahi patologiyalar” panelində “Hamiləlik zamanı aşkar edilən ginekoloji-onkoloji xəstəliklərə yanaşma” mövzusunda təqdimatla çıxış edəcəm. Çıxışımda hamiləlik zamanı aşkar edilən ginekoloji-onkoloji xəstəliklərin müayinəsi, müalicəsi və cərrahiyyəsi ilə bağlı son yeniliklər barədə ətraflı məlumat verəcəm və iştirakçıların bu mövzu ilə bağlı bütün suallarını cavablandıracam. Bu nöqteyi nəzərdən mama-ginekoloq, kardioloq, endokrinoloq, damar-cərrahı, ümumi cərrah, infeksionist, hematoloq, psixiatr, onkoloq, nefroloq, anestezioloq-reanimatoloq, pediatr və neonatoloq ixtisasına malik həkimləri konqresdə iştirak etməyə dəvət edirəm.
  • "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda Beynəlxalq Elmi konqresin keçirilməsi hansı zərurətdən doğdu?
  • Tibbin müxtəlif sahələrini birləşdirən multidisiplinar konqreslərin keçirilməsi hər zaman mütəxəssislərin diqqət və marağına səbəb olur. Hamiləlik nəticələri, sağlam ana, sağlam nəsil dünyaya gətirmək isə bütün dünyada dövlətlərin səhiyyə sistemlərinin bir aynasıdır. Xanımların daha gec yaşlarda hamiləlik istəklərinin yaranması, köməkçi reproduktiv texnologiyaların imkanlarının artması günümüzdə həm genital, həm də ekstragenital xəstəlikləri olan hamilə qadınların sayını artırır. Bu da öz növbəsində mama-ginekoloqların hamiləliklə bağlı olan patologiyalardan başqa, digər xəstəliklərdən də yetərli anlayışlarının olmasını tələb edir. Bir konqres çərçivəsində mama-ginekoloqlarla bir tribunadan, eyni zamanda kardioloqların, endokrinoloqların, infeksionistlərin, ümumi cərrahların, damar cərrahlarının, kardiocərrahların çıxışı bir daha sübut edir ki, tədbir nə qədər rəngarəng və disskusiyalarla bol olacaq. Həmçinin, Azərbaycan, Türkiyə və Böyük Britaniyadan ünlü mütəxəssisləri bir araya toplayan bu konqresdə patoloji hamiləliklərdə antenatal xidmətin təşkili ilə bağlı xarici ölkə təcrübələrinin paylaşılmasının tədbirin iştirakçılarında böyük maraq yaradacağına əminəm.
  • Bu konqresdə rezidentlərin iştirakı nə üçün vacibdir?
  • Rezidentura tibbdə təhsil pilləsinin ən əsas dövrlərindən biridir. Düzdür, tibb dayanmadan təhsil almağı tələb edən bir sahədir, amma mütəxəssis olmağa can atan gənc kadrların hər fürsətdən yararlanması vacibdir. Multidisiplinar konqreslər isə kliniki düşüncəni, akademik yanaşmanı aşılayan və teoritik biliklərlə yanaşı praktik vərdişlərin vəhdətini yaratmağa kömək edən mühüm açarlardan biridir. Həm məruzəçilərin çıxışlarından sonra müzakirə bölümündə, həm də kofe fasilələri zamanı çoxillik təcrübələri olan mütəxəssislər ilə müzakirələrin edilməsi hər bir rezidentin yaddaşında pozitiv bir iz qoyacağına əminəm.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti