Tərtər. Trend:
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə Yaponiyanın Azərbaycandakı səfirliyi arasında 9 mart 2022-ci il tarixində imzalanan “Tərtər Rayonunun Minadan Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.
Trend-in məlumatına görə, BAMF-ın Tərtər Regional Peşə Təlim Mərkəzində baş tutan açılışda BAMF prezidenti Umud Mirzəyev, Yaponiyanın Azərbaycandakı səfiri Vada Çunici, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyat şöbəsinin müdiri Ramil Əzizov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış ediblər.
Layihənin əsas məqsədi ANAMA-nın tapşırığı ilə fəaliyyət
göstərən BAMF-ın İcma Mina Aksiyası komandasının Tərtər rayonunda
mövcud olan mina və partlamamış sursatların təmizlənməsində
istifadəsi üçün 11 ədəd mina dedektoru, 11 ədəd qoruyucu geyim
dəsti və Yaponiyanın “Mitsubişi” şirkətinin istehsalı olan 1 ədəd
pikapla təmin etməklə, Azərbaycanda həyata keçirilən mina və
partlamamış sursatların təmizlənmə fəaliyyətinin tezləşdirilməsi və
Tərtər rayonunda daha təhlükəsiz şəraitin təmin olunmasıdır. Layihə
11 minaaxtaranı tam olaraq bütün lazımi avadanlıqlar və nəqliyyat
vasitəsilə təmin edir.
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mərbuat Fondunun İcma Mina
Aksiyası Komandası 20 ildən artıqdır ki, Azərbaycan ərazilərində
mina və partlamamış sursatların təmizlənməsi fəaliyyətini həyata
keçirir. Bu gün açılış mərasimi keçirilən bu layihə Yaponiya
Səfirliyi tərəfindən “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə
Qrant Yardımı Proqramı çərçivəsində BAMF-a edilmiş sayca 3-cü
yardım layihəsidir.