Bakı. Trend:
Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.
Bu sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində imzalanmışdır.
Agentlikdən Trend-ə verilən məlumata görə, sənədi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və Özbəkistan Respublikasının Ədliyyə naziri Ruslanbek Davletov imzalayıblar.
Sənədin imzalanma mərasimi çərçivəsində Özbəkistan Respublikasının Ədliyyə nazirinin müavini Tulkin Abdusattarovun da iştirak etdiyi görüş zamanı ikitərəfli əlaqələrin inkişafına dair geniş müzakirələr aparılmış, Azərbaycan Respublikasının əqli mülkiyyət sahəsi üzrə əldə etdiyi nailiyyətlərlə əlaqədar Özbəkistan tərəfinin marağını doğuran məsələlərə dair təfsilatlı məlumatlar verilmişdir.
Özbəkistanın zəngin qədim mədəniyyəti olması və onun müasir standartlar səviyyəsində qorunması tələbi nəzərə alınaraq, müzakirələr, ilk növbədə, Azərbaycanda müəllif hüquqlarının qorunması təcrübəsi və bu təcrübədən Özbəkistan tərəfinin yararlanması mövzusuna yönəlmişdir. Bu çərçivədə ölkəmizdə ənənəvi biliklərin və ənənəvi mədəni ifadələrin (folklorun) qorunmasının hüquqi aspektləri, müvafiq normativ-hüquqi tənzimləmə mexanizmi xüsusi maraqla qarşılanmışdır.
Söhbət zamanı vurğulanmışdır ki, əqli mülkiyyətin müasir anlayışı və bu institutun fəaliyyəti onun ənənəvi qavranışından əhəmiyyətli dərəcədə fərqli kontekstdə baş verir və bu cəmiyyətdəki əhəmiyyətli texnoloji dəyişikliklər nəticəsində yaranmışdır. Bu, öz növbəsində, mövcud əqli mülkiyyət landşaftına getdikcə daha böyük təsir göstərir və göstərməyə davam edəcəkdir. Bu isə əqli mülkiyyətin gələcək təkamülünü, onun beynəlxalq arxitekturasını anlamaq baxımından vacibdir. Əqli mülkiyyətin dəyişən konteksti paradiqmasından müəlliflik hüququ nəzərə alınmadığı halda sosial effektin və kreativ industriyanın payından imtina edilmiş olunur. Bu mənada müasir əqli mülkiyyət institutunda iqtisadiyyat və sosiologiya fəal rol oynadığı halda, hüquq (yurisprudensiya) sistemtəşkili əhəmiyyətə malikdir. Əqli mülkiyyət institutunun sinergetik və emercent xüsusiyyətlərinin sistemli şəkildə dərki məhz bundadır və bu, həmin institutun iqtisadi və sosioloji mahiyyətinin hüquq ilə yanaşı dərk edilməsini tələb edir
Sənaye mülkiyyəti sahəsində Azərbaycanın təcrübəsi, ilk növbədə, Əqli Mülkiyyət Agentliyində fəaliyyət göstərən PƏNAH sisteminin yaradılması və müvafiq xidmətlər göstərməsi də diqqət mərkəzində olmuş, Özbəkistan tərəfinin rəqəmsallaşdırılmış bu xidmətlə əlaqədar sualları cavablandırılmışdır.
Öz növbəsində, Azərbaycan tərəfinə Özbəkistanın Ədliyyə Nazirliyinin Əqli Mülkiyyət Departamentinin səlahiyyətləri və fəaliyyəti barədə, eləcə də bu ölkənin müəlliflik hüququ sahəsində qanunvericiliyi barədə müfəssəl məlumatlar verilmişdir.
Tərəflər kadrların hazırlığı sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirilməsi məsələlərini də müzakirə etmişlər. Bu çərçivədə Özbəkistan mütəxəssislərinin yaxın zamanlarda Azərbaycana ezam olunması, həmçinin qarşı tərəfin qanunvericilik təcrübəsi ilə tanış olmaq üçün Əqli Mülkiyyət Agentliyinin əməkdaşlarının Özbəkistana səfəri barədə razılıq əldə edilmişdir.
Görüşdə Azərbaycan tərəfi yüksək səviyyəli qəbula görə minnətdarlığını bildirmiş, qeyd edilmişdir ki, iki qardaş xalq və ölkə arasında tarixən qurulan münasibətlər hər iki dövlətin rəhbərlərinin siyasi iradəsi nəticəsində yüksələn xətt ilə inkişaf etdirilir.
Qeyd edək ki, Memorandum iki ölkə arasında tarixi, mədəni, elmi-texniki, ticarət-iqtisadi əlaqələrin inkişafı prosesində müəlliflik hüququ və əlaqəli hüquqların qarşılıqlı şəkildə etibarlı qorunmasının təmin olunması zəruriliyindən irəli gəlir və bununla əlaqədar mütəmadi qaydada informasiya, təcrübə mübadiləsi, birgə təlimlərin və digər tədbirlərin keçirilməsi mexanizminin yaradılması ilə Azərbaycan və Özbəkistanın mövcud əqli mülkiyyət sistemlərinin gücləndirilməsini nəzərdə tutur.
Bu Memorandumun imzalanması Özbəkistan və Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq fəaliyyətinə nümunə olmaqla, tərəflər arasında əqli mülkiyyət sahəsində əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının göstəricisidir.